Moskvanın İrəvan və Xankəndiyə tuşlanan “ÇUBUĞU”: “Azərbaycanı təhrik etməyə hesablanan…”

“Məqsəd Rusiya sülhməramlılarına “ehtiyac zərurəti”nin aradan qalxmadığına dair “arqument” qazanmaqdır”.

Bu fikirləri Ermənistan hakimiyyəti və Qarabağ ermənilərinin Azərbaycana yönəlik təhrikçi davranışlarının səbəblərinə toxunan ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yaranmış situasiyada rəsmi Bakının indiki kimi təmkinli, lakin qətiyyətli tövrü pozulmamalıdır:

“Ermənistan hakimiyyətinin davranışları və Qarabağdakı separattçı rejimin daxilində cərəyan edənlər Azərbaycanın əsəbləri ilə oynamaqdan başqa bir şey deyil. Azərbaycanın tam haqlı və əsaslı olaraq Laçın yolunda nəzarət tədbirlərini maksimum gücləndirməsindən sonra ermənilərin başladıqları “humanitar fəlakət” blefi fonunda rəsmi Bakının indiki kimi təmkinli, lakin qətiyyətli tövrü pozulmamalıdır.

Doğrudan da, Azərbaycan-Ermənistan nizamlama prosesinin gedişində çox unikal bir situasiya yaranıb. Özünü qərbyönümlü kimi təqdim edən Ermənistan hakimiyyəti vəziyyəti xeyrinə dəyişmək üçün həm Qərbdən, həm də Rusiyadan aldığı “siqnal”ları dəyərləndirməyə çalışır. O cümlədən, Qarabağ erməniləri də müxtəlif xarici mərkəzlərin təlimatlarına uyğun davranırlar.

İstər İrəvanın, istərsə də Xankəndidəki qanunsuz rejimin bütün addımları Azərbaycanı təhrik etməyə hesablanıb. Bunun arxasında hansı məqsədin gizləndiyini görmək çətin deyil. Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya hərbi kontingentinin beş ilə nəzərdə tutulmuş xidmət müddətinin yarısının artıq geridə qalması Moskvanı “alternativ” planlar qurmağa vadar edib.

Məqsəd Azərbaycan-Ermənistan sərhədində, eyni zamanda, Qarabağda hərbi gərginliyi artırmaq və Rusiya sülhməramlılarına “ehtiyac zərurəti”nin aradan qalxmadığına dair “arqument” qazanmaqdır. Ancaq hesab edirəm ki, Azərbaycan bu planları vaxtinda çözəcək və Rusiyanın ölkədə hərbi mövcudluğunu davam etdirməsinə hər hansı əsas qalmayacaq”.

A.Zeynalov