Moskvanın şəxsi heyət sayını artırma QƏRARI: “Rusiya Ukraynadakı “ət maşını”na material göndərir”

“Rusiya nə qədər səfərbərlik etsə də, Quru Qoşunlarını qısa müddətdə döyüş qabiliyyətinə gətirəcək səviyyəyə çatdıra bilməyəcək”.

Bu fikirləri Ukraynda baş verən istefalar, yüksək çinli məmurların helikoter qəzasında həlak olmaları və Rusiyanın Silahlı Qüvvələrin şəxsi heyətinin sayını artırmaq qərarını şərh edən istefada olan polkovnik-leytenant, hərbi ekspert Daşdəmir Əliyev Yenicag.az-a açıqlamasında deyib.

Daşdəmir Əliyev bildirib ki, Ukrayna rəhbərliyinə kənardan müdaxilələr var:

“Qərb Ukraynaya dəstək verir. Ancaq unudulan bir məqam var ki, Ukrayna SSRİ-nin tərkibində olub və Sovet dövründə fəaliyyət göstərən xüsusi xidmət orqanları Ukraynada kök salıb. Eləcə də Azərbaycanda və digər ölkələrdə. Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bütün Sovet respublikalarının hamısında kökü var. Sovet dağıldı, onun varisi Rusiya xüsusi xidmət orqanları həmin əməkdaşları qəbul etdi. Onlar sifarişli şəkildə işləyirlər. Həmin agentlər bu gün bizim içərimizdə olduğu kimi, Ukraynada da var. Son hadisələri təhlil edərkən belə qənaətə gəlirəm ki, QRU hələ də ciddi işlər görə bilir.

Arestoviçin istefası nədən ibarətdir? Deyilir ki, Arestoviç yanlış məlumatlar yayırdı. Arestoviç o məlumatları özbaşına yaya bilməz. Demək ki, ona məlumatı verənlər olub. Bunun üçün sivil qaydada düzəliş kimi izah versinlər. Buna görə onun istefa verməsi düzgün deyil. Hesab edirəm ki, burada da agent şəbəkəsi öz işini görüb. Ukrayna rəhbərliyinə kənardan müdaxilə edə bilirlər. Bu, siyasi terrordur. Nazir istefa verir, nazir və müavinləri helikopterdə qəza nəticəsində həlak olurlar. Hesab edirəm ki, bu, Rusiya xüsusi xidmət orqanlarının apardığı işin nəticəsidir”.

Rusiya ordusunun sayının artırılmasına gəldikdə, hərbi ekspert bunları deyib:

“Rusiya ilə əlaqələrim var. Rusiyada təxminən bizdə 90-cı illərin əvvəllərində olan vəziyyət yaranıb. O vaxt “oblava” deyilən bir şey var idi. Metro çıxışlarında, avtobus dayanacaqlarında gənc adamları həkim komissiyasından keçirmədən müharibəyə aparırdılar. Həmin şərait bu gün Rusiyada yaranıb. Rusiyada bu günə qədər döyüşə göndərilənlər Uzaq Şərqdə yaşayan türk kökənli əhalidir.

Rusiya nə qədər səfərbərlik etsə də, Quru Qoşunlarını qısa müddətdə döyüş qabiliyyətinə gətirəcək səviyyəyə çatdıra bilməyəcək. Artilleriya, dronlar, kosmik qüvvələrlə Ukraynanı vura bilərlər. Rusiyanın vurduğu şəhərlərin hamısında evlər dağıdılıb, əhali didərgin salınıb, ancaq orada Rusiya bayrağını qaldıra bilməyiblər.

Sovet ordusunda 15 il xidmət etmiş biri kimi deyirəm, səfərbərliklə gedənlər heç nə əldə edə bilməyəcəklər. Ruslar Ukraynadakı “ət maşını”na material göndərirlər”.

Səxavət Məmməd

COP29