Moskvanın “siyasi rüşvəti” və Bakıdan ABSURD GÖZLƏNTİSİ: “Bizi dəstək verməməkdə suçlamaq…”

“Rusiyanın heç bir rəsmisinin Azərbaycana qarşı bu kimi iddialarla çıxış etməsi üçün əsası yoxdur”.

Bu fikirləri Rusiya rəsmilərinin Azərbaycanı Ukraynanın işğal altındakı ərazilərində keçirilmiş “seçki”lərə dəstək verməməkdə günahlandırmalarına münasibət bildirən politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, rəsmi Bakı Ukrayna ilə bağlı mövqeyini beynəlxalq hüquqa və təhlükəsizlik prinsiplərinə uyğun şəkildə ardıcıllıqla ifadə edib və etməkdədir:

“Sözün doğrusu, Rusiya Xarici İşlər Nazirliyi rəsmi nümayəndəsi Zaxarovanın Azərbaycana yönəlik bu bəyanatı, yumşaq desək, təəccüb doğurur. Hər halda, bu mövqe məntiqli və düşüncəli bir diplomatın tərzinə uyğun olmayan davranışdır. İndiyə qədər də onun Azərbaycanın maraqlarına zidd bəyanatlarla çıxış etməsinin şahidi olmuşuq. Ancaq bu bəyanat Azərbaycanın dövlət mənafeyi ilə yanaşı, beynəlxalq hüquq prinsiplərinə də zidd olan məntiqsizliyi ilə seçilir.

Reallıqda Rusiyanın heç bir rəsmisinin Azərbaycana qarşı bu kimi iddialarla çıxış etməsi üçün əsası yoxdur. Çünki rəsmi Bakı Ukrayna ilə bağlı mövqeyini beynəlxalq hüquqa və beynəlxalq təhlükəsizlik prinsiplərinə uyğun şəkildə ardıcıllıqla ifadə edib.

O baxımdan, Zaxarovanın məntizqlizliyi həm də bundan ibarətdir ki, əgər Azərbaycan Ukraynanın ərazi bütövlüyünü ilk gündən tanıyıbsa, hətta 2014-cü ildə Krım Rusiya tərəfindən ilhaq olunduğu dönəmdən bu yana həmin mövqe qətiyyətlə davam etdirilibsə, Bakını Ukraynanın işğal altındakı regionlarında keçirilmiş “seçki”yə dəstək verməməkdə suçlamaqda hansı məntiq ola bilər?

Yox, Rusiya Azərbaycanın ərazi bütövlüyünün tanınmasının qarşılığında rəsmi Bakının separatizmə dəstək verməsini gözləyirsə, bu, əlbəttə ki, çox yanlış mövqedir. Bu, sanki Rusiyanın Ukraynada apardığı siyasətə hansısa “siyasi rüşvət” müqabilində Azərbaycandan dəstək almaq cəhdidir. Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən dəstəklənməsi heç də o demək deyil ki, rəsmi Bakı başqa ölkələrin ərazi bütövlüyünün pozulmasına selektiv qaydada yanaşmalı və “bu, Rusiyadır” deyərək Ukraynanın işğal edilmiş ərazilərindəki “seçki”lərə dəstək verməlidir.

A.Zeynalov