Mourinyo millidə işləmək istəyir

Portuqaliyalı mütəxəssis Joze Mourinyo milli komandada işləmək istəyir.

Yenicag.az xəbər verir ki, o, bunu tanınmış insayder Fabritsio Romanoya müsahibəsində deyib.

61 yaşlı mütəxəssis millidə işləmək arzusunda olduğunu, ancaq hələlik konkret təklif almadığını bildirib: “Milli komandanı çalışdırmaq mənim məqsədimdir. Ola bilsin ki, dünya çempionatı, Avro və ya Amerika kuboku, Afrika kuboku öncəsi hansısa komandanı götürüm. Amma bunun üçün iki il gözləməli olub-olmadığını bilmirəm… Bəlkə, bir gün bu baş verəcək”.

Mourinyonun son klubu 2024-cü ilin yanvarında tərk etdiyi “Roma” olub. O, 2021-ci ildən İtaliya klubuna rəhbərlik edirdi. 2021/2022 mövsümündə “Roma” Konfrans Liqasının qalibi olub. 2022/2023 mövsümündə “canavarlar” Avropa Liqasının finalına yüksəlib. Mourinyonun rəhbərliyi altında “Roma” ümumilikdə 96 oyun keçirib. Romalılar bu oyunlarda 44 qələbə qazanıb, 23 dəfə heç-heçə edib və 29 məğlubiyyətlə üzləşib.

Mourinyo bundan əvvəl “Leiriya”, “Benfika”, “İnter”, “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “Portu”nu da çalışdırıb.