Mourinyonun Arda Gülər PLANI: “Hər məşqçi bunu istəyər”

“Arda Gülər hər hansı bir futbolçunun gedə biləcəyi ən maksimum zirvəyə çıxıb”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son günlər dünya futbol cameəsində “Fənərbaxça” komandasının “Real Madrid”in oyunçusu Arda Güləri icarə əsasında komandaya cəlb etməsi xəbərləri barədə danışan idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, türk futbol cameəsi yenə də öz ampluasındadır. “Adam arasına çıxardıqları bir iki oyunçu var onu da geri qaytararaq, karyerasını məhv etmək istəyirlər. Arda Gülər hər hansı bir futbolçunun gedə biləcəyi ən maksimum zirvəyə çıxıb. Lakin onu yenidən qaytararaq, “Fənərbaxça”da oyun təcrübəsi qazandırmaq əslində doğru deyil. Sual versək ki, futbolçu yenidən Türkiyəyə qayıda bilərmi? Bəli, qayıda bilər, lakin bu düzgün deyil. Fikrimcə, Ardanın karyerası baxımından “Fənərbaxça”ya qayıtması doğru addım olmaz. Düşünürəm ki, o, “Real Madrid”də qalıb öz şansını gözləməlidir. Çünki “Real Madrid”də son zamanlar zədələri də çoxalıb, heyətdə bəzi dəyişikliklər olub. Hesab edirəm ki, məşqlərinə və çalışmalarına davam edərsə, oyunçu tədricən öz şansını əldə edəcək və əsas heyətə düşməyə başlayacaq”, – deyə o bildirib.

K.Məstəliyev qeyd edib ki, “Fənərbaxça”nın Türkiyə çempionatında, Avropa Liqasında uğur qazanmaq üçün Arda Gülər kimi oyunçuya ehtiyacı var. “Onu komandaya cəlb edərək, imkanlarından istifadə edə bilərlər, amma hazırda bu, real görünmür. Bu ancaq qışda baş verə bilər. Qışa qədər Ardanın işləri qaydasına düşə, heç Türkiyəyə qayıtmamaq haqqında düşünə də bilər, eyni zamanda qışa qədər “Fənərbaxça” uğursuzluğa düçar da ola bilər. Düşünürəm ki, Mourinyonun Arda Güləri istəməsində də qeyri-adi bir şey yoxdur. Arda kimi futbolçunu hər məşqçi komandaya cəlb etmək istəyər. Yanvardan sonra isə hadisələrin gedişatına baxmaq lazım olacaq. Sadəcə, Ardanın adından istifadə edərək, komandanı gündəmdə saxlamağa çalışırlar. “Fənərbaxça” rəhbərliyi hələ ki, o qədər də uğurlu başlamadığı mövsümün bəzi mənfi tərəflərinin üstünü örtməyə çalışır”, – deyə o qeyd edib.

İsmayıl Bakuvi

COP29