“Mövcud gömrük siyasəti ölkədə süni qiymət artımını stimullaşdıran əsas amildir” – Keçmiş millət vəkili

“Nəticədə vətəndaşlar hökümətin üzərinə gedir və sosial müavinət almaq istəyənlərin sayı çoxalır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin ölkə ərazisində qalma müddəti ilə bağlı tətbiq edilmiş dəyişikliklərə münasibət bildirən keçmiş millət vəkili Nazim Bəydəmirli deyib.

Nazim Bəydəmirlinin sözlərinə görə, gömrük rüsumlarının artırılması səbəbindən vətəndaşlar xaricdən ölkəyə gətirdikləri avtomobilləri “tam” idxal etməkdə maraqlı olmurlar:

“Gürcüstan nömrəli, orada qeydiyyatda olan avtomobillərin Azərbaycanda artmasının əsas səbəbi ölkəmizdə gömrük rüsumlarının və idxaldan aksiz vergilərinin əsasssız olaraq, artırılmasıdır.

Gömrük rüsumlarının artırılması bazarda rəqabət mühitini daha da pisləşdirir. Ölkədə avtomobil istehsalı olmaya-olmaya, belə bir rüsumun tətbiq edilməsi gömrük siyasətinin düzgün anlaşılmamasından irəli gəlir. Bu isə vətəndaşların işini xeyli çətinləşdirir.

Ona görə də, vətəndaşlar məcbur olaraq, üç aydan bir ölkə sərhədindən kənara çıxıb, yenidən ölkəyə qayıdırlar, bu da onları əlavə xərc və vaxt itkisi ilə üzləşdirir. Fikirimcə, nəticə ilə mübarizə aparmaq deyil, səbəbi aradan qaldırmaq lazımdır. Dünya təcrübəsində gömrük siyasətinin necə həyata keçirildiyi öyrənilməlidir. Belə gömrük siyasəti dövlət büdcəsinə tariflər və aksizlərdən daxilolmaların artımına heç vaxt gətirib çıxara bilməz.

Ola bilər ki, proqnozlar artıqlaması ilə yerinə yetirilsin, ancaq bu, müvəqqəti, keçici hal ola bilər. Ümumilikdə isə əhalinin vəziyyətini psiləşdirmək qalıcı prosesdir. Bu, Azərbaycan iqtisadiyyatına xeyli çox ziyan vurur”.

Sabiq deputat bildirib ki, gömrük rüsumlarının artırılması yerli inhisarçıların imkanlarını genişləndirməkdən başqa bir şey deyil:

“Bu, nəticə etibarilə, həmin malların qiymətinin süni şəkildə artmasına yol açır. Qiymətin süni artırılması ilə birbaşa Gömrük Komitəsi məşğul olur. Təbii ki, bu “məşğulluq” birbaşa deyil. Yəni gedib sahibkara “bunu baha sat” deyilmir. Ancaq aparılan gömrük siyasəti qiymətlərin artması ilə nəticələnir.

Bu zaman da vətəndaşlar hökümətin üzərinə gedir və sosial müavinət almaq istəyənlərin sayı çoxalır. Gömrük siyasəti əhalinin rifah halının yaxşılaşdırımasına xidmət etməlidir. Ancaq mövcud gömrük siyasəti ölkədə süni qiymət artımını stimullaşdıran əsas amildir”.

Səxavət Məmməd

COP29