Mövlud Çavuşoğlu: “Moskvada qəbul edilən qərarın mahiyyəti Əsədi hakimiyyətdə saxlamaq deyil”

cavusogluTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Suriya ilə bağlı Moskvada baş tutan müzakirələrdən sonra qəbul edilən qərarın Əsədin hakimiyyətdə qalacağı mahiyyətini daşımadığını deyib.

Yeniçağ.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, M.Çavuşoğlu bu fikirləri İslam Əməkdaşlıq Təşkilatı nazirlərinin Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən toplantısında dilə gətirib.

Türkiyənin Xarici işlər naziri qeyd edib ki, İƏT nazirləri Hələblə bağlı bir araya gəlib:

“Müzakirələrdə insanlıq faciəsini sona çatdırmaq üçün atəşkəsin əldə olunması, humanitar yardımların lazımi yerlərə çatdırılması və siyasi dialoqu ehtiva edən BMT-nin 2254 nömrəli qətnaməsinə istinad edilərək, deklarasiya qəbul edildi. Bu deklarasiya 2 gün əvvəl Moskvada 3 ölkənin birgə yaydığı açıqlama ilə üst-üstə düşür.

Moskvada qəbul edilən qərarın heç də Əsədin hakimiyyətdə qalacağı anlamına gəlmir. Cenevrədə də müzakirələr aparılıb və bu zaman Əsəd rejiminin necə rəftar edəcəyi bəlli idi. Yəni Əsəd qalsın, amma əsas müxaliflərin mövqeyi önəmlidir. Bizim mövqeyimiz də bəllidir. Biz 600 min insanı qətlə yetirən Əsədlə Suriyanın bundan sonra yola birgə davam edəcəyinə inanmırıq. Dolayısı ilə müzakirələrin yenidən başlanması müxaliflərin və bizim heç də Əsədin hakimiyyətdə qalmasını qəbul etməyimiz anlamına gəlmir”.

Yeniçağ.Az

COP29