MSK sədri: “Hər kəs istənilən məsələ barədə qurumla əlaqə saxlaya bilər”

“Hər kəs istənilən məsələ barədə MSK və qurumun qaynar xətti ilə əlaqə saxlaya bilər”.

Yenicag.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki, səsvermədə hər kəsin hüquqları gözlənilməlidir: “Axırıncı seçici məntəqəni tərk etdikdən sonra məntəqədə qapı bağlanmalıdır. Seçki məntəqələri saat 7-də bağlanacaq. Məntəqədə olan müşahidəçiləri və jurnalistləri heç kim məntəqəni tərk etməyə məcbur edə bilməz”.

MSK sədri qeyd edib ki, hər bir vətəndaş səsvermə hüququndan istifadə etməlidir:

“Bu gün biz gözləməliyik ki, Azərbaycan seçicisi öz hüququndan istifadə etməklə səsvermədə iştirak etsin. Bütün seçki məntəqələrində seçicilərin azad şəkildə səs verməsi üçün lazımi şərait yaradılıb”.

M.Pənahov bildirib ki, seçki böyük bir prosesdir: “Müxtəlif fikirli insanlar var və biz çalışmalıyıq ki, hər bir tərəf üçün şərait yaradaq və heç bir tərəf narazı qalmasın. Bütün seçicilər azad və sərbəst şəkildə səs vermək hüququndan istifadə etməlidir”.

MSK sədri bildirib ki, seçicilərə heç kim hər hansı bir formada təzyiq edə bilməz: “Sonuncu seçici məntəqəni tərk etdikdən sonra saat 19:00-da seçki məntəqələri bağlanır. Artıq bundan sonra heç kim məntəqəyə daxil ola bilməz və heç bir müşahidəçi və ya KİV nümayəndəsindən məntəqəni tərk etməyi tələb etmək olmaz”.