“Hansısa bir qəzet hansısa bir məmurun fəaliyyətindəki bütün “zibil”ləri tapıb ortaya çıxarmaq iqtidarında deyil”.
Bu fikirləri Yenicag.az-a prezident İlham Əliyevin hökumətin iqtisadi blokunun genişləndirilmiş iclasındakı çıxışında mətbuatla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən millət vəkili Aqil Abbas deyib.
Aqil Abbasın sözlərinə görə, müəyyən media orqanları öz fəaliyyətlərində həqiqətən də, şantaj yoluna əl atırlar:
“Hansısa bir qəzet hansısa bir məmurun fəaliyyətindəki bütün “zibil”ləri tapıb ortaya çıxarmaq iqtidarında deyil. Deməli, o tip materiallar onlara ötürülür və dərc olunaraq, ictimailəşdirilir. Həmin qəzetlər o materialdan həm şantaj, həm də qazanc kimi istifadə edirlər”.
Millət vəkili bildirib ki, “reket qəzetlər”ə qarşı mübarizəyə mane olan cidddi dairələr var:
“Mətbuat Şurasında bu tip media orqanlarını “qara siyahı”ya saldıqda, dərhal keçmiş MTN-dən zəng edib, çıxartıdırırdılar. Bu məsələni xüsusi xidmət orqanları araşdırmalıdır. Hansı qəzetin hansı məmura bağlı olduğunu sıravi oxucular da bilirsə, dövlət də bunu bilməli və lazım olan tədbiri görməlidir”.
Səxavət Məmməd