!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

MTN əməkdaşı 15 nəfərin öldüyü yanğının necə baş verməyindən danışdı

!Reklam – Yazi

953801478175852«İnternetdə mənim adımı hallandırırlar ki, guya mən MTN əməkdaşı kimi o yanğınla bağlı hansısa tapşırığı icra etmişəm».
Bunu Binəqədidə ötən ilin mayında 15 nəfərin ölümünə səbəb olmuş bina yanğını ilə bağlı məhkəmədə ifadə verən Xəyyam Babayev deyib.

«İSTİQAMƏTƏ GÖRƏ MÜƏYYƏN ETMİŞƏM»

X.Babayev ləğv olunmuş MTN-in əməliyyat müvəkkili olub. Eyni zamanda, yanan binanın da sakinidir. Deyir ki, hadisə vaxtı evdə olub. Qəfildən mətbəxə tüstü dolduğunu görüb. Aşağı düşüb baxanda görüb ki, tüstü binaya bitişik tikilidən gəlir. Yuxarı qalxıb evdəki körpə uşağını və onun baxıcısını götürüb maşına qoyub aparıb. Təxminən üç saatdan sonra geri qayıdanda görüb ki, bina tamamilə yanıb.
Vəkillər onun anket məlumatlarını dəqiqləşdirərkən məlum olub ki, Rusiyada anadan olan bu zərərçəkmiş Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, 2007-ci ildən MTN-də işləyir.
İş materialları arasında X.Babayevin fotoşəkili var, orada əli ilə istintaqçılara göstərir ki, yanğın poliklinika yerləşən qeyri-yaşayış sahəsindən başlayıb. Amma məhkəmədə bunu dəqiq görmədiyini deyib: «Mən bunu ümumi istiqamətə görə müəyyən etmişəm. Dəqiq o vaxt görərdim ki, tikilinin üstünə çıxaydım».
O, sualları cavablandırarkən söyləyib ki, hər hansı hadisə, o cümlədən yanğın olanda, MTN-ə də bu barədə siqnal gəlir. Siqnal daxil olan kimi də MTN əməkdaşları hadisə yerinə gedir.

HADİSƏ YERİNƏ DƏRHAL QAYITMAYIB

Yanğına görə təqsirləndirilən şəxslərdən biri – binanı üzləmiş «Global Construction» və üzlükləri istehsal etmiş «Global Stone» şirkətlərinin təsisçisi Miryusif Mahmudov ondan soruşub ki, bəs nə əcəb övladını baxıcısının evinə qoyandan sonra dərhal hadisə yerinə qayıtmayıb, bir zabit kimi, orada köməyə ehtiyacı olanlara yardım göstərməyib?
MTN əməkdaşı cavabında deyib ki, övladını evdən paltarsız, yeməksiz götürüb. Ona qida, geyim almaq bir xeyli vaxt aparıb, ona görə dərhal hadisə yerinə qayıtmayıb.
Hadisə saat 10:30 radələrində baş verib. Həmin vaxt X.Babayevin işdə yox, evdə olması vəkillərdə sual yaradıb. O, cavabında bildirib ki, daimi işdə olsa da, həmin ərəfədə tədbirlərlə əlaqədar növbədə olub. Ona görə yanğın baş verəndə də evdə imiş.
Vəkillər bu zərərçəkmişə şəxsiyyəti, iş fəaliyyəti ilə əlaqəli bir sıra suallar verib. Məhkəmə həmin sualların bir qismini işə aidiyyəti olmadığını əsas gətirərək, çıxarıb. Bu da vəkillərin etirazını doğurub.
«Biz bilmək istəyirik ki, bu adam MTN-də kimin rəhbərliyi altında işləyib. Bəlkə hadisədən əvvəl Miryusif müəllimdən pul istəyənlər elə bu adamın rəhbəri olub?», – M.Mahmudovun vəkili İlhamə Həsənova bildirib.

«DEYİM Kİ, ŞEYTAN ƏMƏLİDİR…»

«Global Construction» və «Global Stone» şirkətlərində həmtəsisçi kimi M.Mahmudovla şərik olmuş, yanğından təxminən ay yarım əvvəl təsisçilikdən çıxmış Hüseynbala Əlizadə də şahid qismində dindirilib. O bildirib ki, istehsal etdikləri poliuretan üzlüklərin yanğına davamlılığına əmindir.
H.Əlizadənin istintaqa ifadəsində belə bir fikir var ki, həmin binada əsas divarla üzlük arasında boşluqdakı hava axını yanğının sürətlə yayılmasına səbəb olub. Amma H.Əlizadə məhkəmədə deyib ki, o, belə fikir söyləməyib: «Mən mühəndis deyiləm ki…».
Binanın yanmasının səbəbi barədə sualı isə o, belə cavablandırıb: «Deyim ki, şeytan əməlidir, düz gəlmir. Poliuretan material yanmır, bunu mən gözümlə görmüşəm. Amma kimin etdiyini də bilmirəm. Bilsəydim, deyərdim ki, filankəs edib».
Məhkəmə prosesi noyabrın 8-də davam edəcək.
Binəqədidəki bina yanğını ilə əlaqədar məhkəmə qarşısına çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib. Təqsirləndirilən şəxslər arasında Miryusif Mahmudovla yanaşı, «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayonu İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov da var. Onlardan A.Əlibəyov və A.Məmmədov barəsində həbs-qətimkan tədbiri seçilməyib.(azadlıq)

www.yenicag.az

582
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv