!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“MTN işi”nin finalına doğru: “Eldar Mahmudov indiyə kimi qorunubsa...” – İlham İsmayıl danışır

!Reklam – Yazi

Sabiq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş zabiti İlham İsmayıl Yenicag.Az-a müsahibəsində “MTN işi” prosesinin gedişini və mümkün nəticəsini dəyərləndirib.

– Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşları üzərində artıq bir ilə yaxındır ki, davam edən və “MTN işi” kimi tanınan məhkəmə prosesinin gedişatı haqda fikriniz maraqlıdır…

– Ümumi şəkildə cavab verməli olsaq, o zaman konkret deyə bilərik ki, prosesin gedişatı heç də qənaətbəxş deyil. Ancaq bu prosesi detallar üzərində dəyərləndirmək lazım gələrsə, qeyd olunmalıdır ki, mühakimə olunanların statusları, vəzifələri, səlahiyyətləri artıq mövcud olmayan MTN-nin sabiq rəhbərliyinin cinayətlərinin tam açılmasına imkan vermir. MTN-ə 10 ildən artıq müddətdə rəhbərlik etmiş Eldar Mahmudov hələ də məsuliyyətə cəlb olunmayıbsa, bu fakt məhkəmənin gedişatı və mümkün nəticəsi haqda təsəvvür yaradır. Bu gün “MTN işi”ndə mühakimə olunanlar müttəhimlər kürsüsündə oturdulmuş Vüsal Ələkbərovun dediyi kimi tapşırıq alan və yerinə yetirən şəxslərdir.

– Yəni mühakimə olunanların ətrafının bundan sonra genişlənəcəyi, Eldar Mahmudovun məsuliyyətə cəlb olunması gözlənilmir?

– Eldar Mahmudov indiyə kimi məsuliyyətə cəlb edilməyibsə, bundan sonra onun barəsində hansısa tədbir görüləcəyi inandırıcı deyil. Bayaq da vurğuladım, “MTN işi”ndə mühakimə edilənlər bu cinayət əməllərində aldıqları tapşırıqları yerinə yetirdiklərini deyiblər. O tapşırıqları kimin, yaxud da kimlərin verdiyi məlumdur. Belə bir vəziyyətdə indiyə qədər heç bir addım atılmayıbsa, deməli, sonra da atılmayacaq. Mən buna şübhə ilə yanaşıram.

– Belə çıxır ki, “MTN işi” prosesində nə həqiqətlər üzə çıxacaq, nə də əsl cinayətkarlar cəzalandırılmayacaq?

– Dediyim kimi, bu işin əsas fiqurantları məsuliyyətdən kənarda qalıblarsa, yaxud saxlanılıblarsa, bu fakt sualınızın cavabını xeyli asanlaşdırır. Bəli, hesab edirəm ki, ləğv olunmuş MTN rəhbərliyinin törətdiyi cinayətlərin çoxu üzə çıxmayacaq və onların cəzalandırılmasından danışmağın yeri olmayacaq. Fikrimcə, bu şəbəkənin cinayətləri, ən yaxşı halda 50 faiz açıla bilər. Ancaq qalan 50 faizə daxil olan cinayətlərin hansı miqyasda və necə baş verdiyi, onlardan kimlərin zərər çəkdiyi naməlum qalacaq.

– Prosesin gedişində agentura şəbəkəsinə daxil olan bəzi şəxslərin adlarının açıqlanması, müəyyən məxfi məqamlardan danışılması təsadüfdür, yoxsa məqsədli sızdırma?

– Bu məsələ həqiqətən də ciddi rezonans doğurdu və ona müxtəlif reaksiyalar verildi. Mən də o fikirdəyəm ki, xüsusi xidmət orqanının rəsmi qaydada əməkdaşlığa cəlb etdiyi vətəndaşların adları açıqlanmamalıdır. Bunu həm həyata keçirilən fəaliyyətin mahiyyəti tələb edir, həm də etik normalar. O baxımdan, belə nüanslara çox həssaslıqla yanaşmaq lazımdır. Ancaq müşahidə olunduğu qədər, həmin məhkəmədə hətta üzərində məxfilik qrifi olan ciddi məlumatlar açıqlanır. Bu, yolverilməzdir. Məhkəmə prosesi qapalı keçirilsəydi, bunu başa düşmək olardı. Lakin açıq prosesdə buna imkan vermək olmaz. Əgər proses ərzində məxfi məlumatlardan istifadəyə, onların təqdimatına ehtiyac yaranırsa, o sənədlər xüsusi qaydada hakimə təqdim olunmalıdır.

Özünüz baxın, Amerika Konqresində Trampla bağlı dinləmələrdə belə dövlət sirri sayılan məlumatların açıqlanması ehtimalı olursa, bu barədə əvvəldən xəbərdarlıq edilir və dinləmələrin qapalı keçirilməsi təklif olunur. Bizdə də belə məqamlar mütləq nəzərə alınmalıdır. Ancaq o məhkəmədə mühakimə olunanlar ya məqsədli şəkildə, ya da təsadüfdən bəzi məxfi məlumatları açıqladılar.

-Sizcə, müttəhimlər kürsüsündə əyləşənlər heç olmasa, prosesin finalında onlara tapşırıq verənlərin adlarını çəksələr, bunun nəyəsə təsiri olacaqmı?

– Olmayacaq. Yəni hamı bilir ki, o şəxs kimdir. O adam indiyə kimi qorunubsa, bundan sonra da qorunacaq.

A.Zeynalov
Yeniçağ.Az

www.yenicag.az

2112
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv