Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospektindəki binada baş verən yanğın hadisəsi bütün Azərbaycanı sarsıtdı.
Olay yerinə gələn Baş prokuror Zakir Qaralov ilkin ehtimal olaraq yanğına səbəb kimi binaya vurulan keyfiyyətsiz üzlüklərin olmasını göstərib.
Bir çoxları baş verən hadisədə Bakı şəhər İcra Hakimiyyətini, Fövqəladə Hallar Nazirliyini, Binəqədi rayonu İcra Hakimiyyətini günahlandırsa da, olayı iyunun 12-28-də tarixlərində Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarına qarşı təxribat kimi dəyərləndirənlər də var.
Modern.az saytı məsələylə bağlı Milli Təhlükəsizlik Nazirliyindən (MTN) mövqe öyrənməyə çalışıb.
Nazirliyin İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev açıqlamasında bildirib ki, hadisənin təxribat olub-olmadığı barədə ictimaiyyətə məlumat veriləcək: “Yanğın hadisəsinin təxribat olub-olmaması barədə yanğınla əlaqədar yaranan dövlət komissiyasının sədri açıqlama verəcək”.
Azərbaycan prezidenti İlham Əliyev baş vermiş hadisənin araşdırılması üçün dövlət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb. Komissiyanın sədri baş nazirin müavini Abid Şərifovdur.
Daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, səhiyyə naziri Oqtay Şirəliyev, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə komissiyanın üzvləridir(modern).