MTRŞ: “Aparıcılar Azərbaycan dilini bilmir”

1df3a379b514b2e3aa9d1e97bf0fce14Bu gün Milli Televiziya və Radio Şurası (MTRŞ) və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun “Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” adlı birgə layihəsi əsasında televiziya kanallarında apardığı monitorinqin nəticələri açıqlanıb.

Bildirilib ki, sentyabr-oktyabr aylarını əhatə edən monitorinq zamanı milli telekanallarda yayımlanan verilişlərin dili monitorinqə cəlb olunub. Monitorinq nəticəsində məlum olub ki, Yeddi televiziya kanalında – İctimai TV, “Xəzər” TV, ANS TV, ATV, “Space” TV, “Lider” TV və “Region” TV-də yayımlanan verilişlər izlənilərək ədəbi dil normalarının pozulma faktları aşkarlanıb.

Monitorinq zamanı təhlilə cəlb olunan və ədəbi dil normasının pozulmasını əks etdirən 831 faktdan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənara çıxma hallarının göstəricisidir.

Şuranın sədr müavini Qafar Cəbiyev deyib ki, ölkədə fəaliyyət göstərən radio və televiziyalarda Azərbaycan ədəbi dil qaydalarının pozulması adi hala çevrilib: “Dublyaj olunan filmlər yüksək-estetik tələblərə cavab vermir. Eyni zamanda bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb. Ədəbi dil qaydalarının dinamikası müsbətə doğru dəyişsə də problemlər var və onları sayı kifayət qədərdir”.

Daha sonra çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli qeyd edib ki, bəzi televiziya və aparıcıların etirazına baxmayaraq, qüsurlar da qalmaqdadır: “Aparıcılar dili yaxşı bilmirlər, dilin qaydalarına məhəl qoymurlar. Artıq başqa dillərin Azərbaycan dilində intonasiyası hiss olunur”.