MTRŞ-dan bəzi verilişlərlə bağlı yeni xəbərdarlıq

collageMilli Televiziya və Radio Şurası (MTRŞ) daha bir verilişə görə ANS televiziyasına xəbərdarlıq edib.

“Qafqazinfo”nun verdiyi məlumata əsasən, MTRŞ şöbə müdiri Təvəkkül Dadaşov report-a açıqlamasında deyib ki, ANS-də yayımlanan “Məchulu tapın” proqramı reklamla məşğul olur: “Bu veriliş şuranın diqqət mərkəzindədir. Bu məsələ ilə bağlı telekanala şifahi xəbərdarlıq olunub”.

Şöbə müdiri bildirib ki, “Xəzər” TV-də yayımlanan “Ay Zaur” verilişi yay ayları ərzində restoranlardan birinin reklamına xidmət edib. Onun sözlərinə görə, adı keçən proqram veriliş mahiyyəti kəsb etməyən material toplusu olub. T.Dadaşov əlavə edib ki, ümumiyyətlə, telekanallarda yayımlanan bəzi musiqili-əyləncəli verilişlərdə bayağı musiqilər səslənir: “Bəzi musiqili verilişlərdə yüksək zövqə bağlı olmayan bayağı musiqilər səsləndirilir. Bəzi verilişlər sadəcə reklamla məşğul olur. “Xəzər TV-də yayımlanan “Ay Zaur” proqramı yay ərzində restoran reklamı ilə məşğul olub”.

Şöbə müdiri bildirib ki, MTRŞ verilişlərin məzmununa görə dəyərləndirmək və qərar vermək səlahiyyətinə malikdir. O, qurumun efirin kompleks şəkildə izlənməsini həyata keçirəcəcəyini vurğulayıb: “Hesab edirik ki, telekanallar efirin sağlamlaşdırılması prosesində bizə kömək edəcəklər. Onların həm öz aralarında əməkdaşlığı, həm də MTRŞ ilə koordinasiya olunmuş şəkildə fəaliyyəti bu işdə irəli getməyimizə yardım edəcək”.