MTRŞ-dan yerli serial sənayesinə “ƏLCƏK ATIŞI”: “İmkanlar fərqli olduğuna görə…” – Yaşar Kamal

“Dublyajda ləhcələrdən, xüsusilə də Bakı ləhcəsindən istifadə edilməsi hələ də problem olaraq, qalır”.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarına əsasən, Azərbaycan telekanalarında əcnəbi teleserialların dublyajla yayımı bərpa olunur. Qərarın sentyabrın 1-dən etibarən, qüvvəyə minəcəyi gözlənilir.

Rejissor-aktyor Kamal Yaşar Yenicag.az-a açıqlamasında MTRŞ-nin məlum qərarını bir neçə aspektdən dəyərləndirib.

Kamal Yaşarın sözlərinə görə, dublyaj prosesində gənc və uşaq obrazlarının səsləndirilməsi ilə bağlı çatışmazlıq var. Belə ki, müəyyən istisnalara baxmayaraq, bizdə uşaq səslərini də böyüklər səsləndirməli olur:

“Bu qərar ilk baxışdan yerli seriallar üçün maneə kimi görünür. Çünki çəkiliş, texniki imkanlar, vizual görüntü və digər məsələlərdə yerli və xarici seriallar arasında ciddi fərqlər var.

Digər tərəfdən, əcnəbi serialların yayımına icazə verilməsi rəqabət mühiti formalaşdıracaq. Dublyaj məsələsi isə daim problem olub. Lakin son illər bu sahədə müəyyən irəliləyiş müşahidə olunur. Artıq televiziyaların nəzdində dublyaj studiyaları və müxtəlif özəl emalatxanalar mövcuddur.

Əsas problem xarici film və serialların ölkəmizə “pirat” yolla gəlməsidir. Yəni o filmlərin nümayişi üçün lisenziya alınmır. Bu isə dublyajın keyfiyyətinə mənfi təsir edir. Çünki əldə olunan materialda səs nisbətən aşağı salınır və onun yerinə aktyorlarımızın səsi əlavə olunur.

Halbuki material orijinal olduqda, səsi tamamilə çıxarmaq və onun əvəzinə öz aktyorlarımızın səslərini yerləşdirmək mümkündür. Nəticədə dinləyici filmi konkret olaraq öz dilimizdən eşitmiş olur.

Dublyajla bağlı əsas problemlərdən biri də eyni akytorun bir neçə personajı səsləndirməsidir və bu, personajlarla bağlı səslərin qarışmasına səbəb olur. Bundan başqa, dublyajda ləhcələrdən, xüsusilə də Bakı ləhcəsindən istifadə edilməsi hələ də problem olaraq, qalır”.

Gülşən Şərif

COP29