MTRŞ-nin müdaxiləsindən sonrakı bir ay – Televiziyalarda nə dəyişdi?

azer-hesretAzər Həsrət: “Yerli əhalinin öz telekanallarımıza maraq göstərməsi müsbət haldır”

Müşfiq Ələsgərli: “Teleradio Şurasının apardığı işlər məqsədəuyğundur”

Məlum olduğu kimi, Milli Televiziya və Radio Şurası telekanallarda bayağı verilişlərin yayımlanmaması üzrə müəyyən işlər görür. MTRŞ tərəfindən bəzi telekanallarda bayağı, milli-mənəvi dəyərlərə zidd olan verilişlərin yayımı dayandırılıb, bəzi proqramlara isə xəbərdarlıq olunub.
Milli Televiziya və Radio Şurasının Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov media nümayəndələrinə açıqlamasında bildirib ki, əvvəlki dövrlə müqayisədə ciddi narahatlıq doğuran hallar getdikcə azalmaq üzrədir: “Xırda-para nöqsanlar olur. O nöqsanlarla da bağlı yayımçılara şifahi şəkildə xəbərdarlıq edilir. Yayımçılar nöqsanların olduğu verilişlərin əsasən prodakşnlar tərəfindən hazırlanmasını əsas gətirir. Artıq yayımçılara prodakşnlara tövsiyələr vermək tapşırılıb ki, efir üçün hazırlanan materiallarda nöqsanlara yol verilməsin”.

Şöbə müdiri qeyd edib ki, monitorinqlər əvvəlki tempdə davam etdirilir: “Biz konkret verilişlə bağlı yox, ümumiyyətlə efirin tənzimlənməsi ilə bağlı işləri davam etdiririk”.

Qeyd edək ki, MTRŞ tərəfindən telekanalların səviyyəsi ilə bağlı aparılan monitorinqdən sonra kanalların reytinqi yüksəlib. Tamaşaçılar artıq böyük həvəslə yerli, milli telekanallara baxır. Təbii ki, burda MTRŞ-nin rolu danılmazdır.

Media sahəsi üzrə ekspert Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yerli əhalinin öz telekanallarımıza maraq göstərməsi müsbət haldır. Bu baxımdan MTRŞ-nin telekanallarla bağlı apardığı siyasət öz nəticəsini verib: “Artıq yerli tamaşaçı milli telekanallara daha çox maraq göstərir. Elə mənim özüm də yerli kanalları daha çox izləməyə başlamışam. Yerli kanalları izləməyimin bir səbəbi MTRŞ-nin iradından sonra telekanallarda müsbət dəyişikliyin baş verməsidir və ölkə gündəminə öz kanallarımızda baxmaq daha xoşdur”.

Həmsöhbətimiz aparıcılarla bağlı narazılığını da dilə gətirdi: “Əvvəllər hansısa qeyri-ciddi verilişlərin aparıcısı bu gün ciddi siyasi tok-şouların aparıcısına çevrilib. Bu hal məni olduqca təəccübləndirir. Zənnimcə, siyasi yükü olan proqramları ciddi aparıcılar aparmalıdır. Düşünürəm ki, MTRŞ bu məsələdə tövsiyə şəklində öz fikrini bildirməlidir”.

Media sahəsi üzrə digər ekspert Müşfiq Ələsgərli qəzetimizə açıqlamasında bildirdi ki, MTRŞ milli-mənəvi dəyərlərə zidd olan verilişlərlə bağlı prinsipial mövqedən çıxış etdi:

“Öncə MTRŞ-nin qərarına qarşı çıxanlar oldu. MTRŞ-də peşəkar və öz işini layiqincə bilən şəxslər çalışır. Həmin mütəxəssislər bayağı verilişlərin hansı səbəbə görə bağlandığını sübutlarla izah etdilər. Onlar kifayət qədər sübutlar gətirdilər. Bu sahədə müzakirələrin getməsinin faydası oldu. Cəmiyyətin daha çox hissəsi bu müzakirələrə qoşuldu. Hansı məsələlərin televiziya ekranlarında nümayiş olunması və ya olunmaması ictimaiyyətə açıqlandı”.

Həmsöhbətimizin sözlərinə görə, MTRŞ daha çox milli-mənəvi dəyərlərin qorunması üzərində təkid edir: “Nəzərə almaq lazımdır ki, Teleradio Şurası təkcə irad bildirmir, eyni zamanda çatışmazlığın aradan qaldırılması istiqamətində tövsiyələr verir, verilişlərin milli-mənəvi dəyərlərə uyğun şəkildə hazırlanması istiqamətində işlər görür”.

M.Ələsgərli onu da vurğuladı ki, Teleradio Şurasının apardığı işlər məqsədəuyğundur.