Müasir Azərbaycan Ordusunun qurucusu Ulu Öndər Heydər Əliyevdir.
1991-ci ilin oktyabrında respublika parlamenti tərəfindən Azərbaycanın müstəqilliyi elan olundu. Elə həmin günlərdə Ali Sovet tərəfindən Silahlı qüvvələrin yaradılması barədə qanunun qəbul edilməsinə baxmayaraq o zamankı respublika rəhbəri A.Mütəllibov bu istiqamətdə zəruri addımlar atmadı. Sonradan Dağlıq Qarabağda vəziyyətin son dərəcə kəskinləşdiyini, ermənilərin əliyalın vətəndaşlarımıza terror etdiyini görüb, itirilmiş vaxtın əvəzini çıxmaq, ordu quruculuğunu sürətləndirmək üçün müxalifət nümayəndələrinin təmsil olunduğu Müdafiə Şurasını yaratdı. Lakin onun gözləntiləri özünü doğrultmadı və ordu quruculuğuna cəlb olunanlar əlverişli məqamdan istifadə edib öz silahlı dəstələrini yaratmağa başladılar. Azərbaycan Ordusunun siyasiləşməsinin əsası belə qoyuldu və siyasi qruplara xidmət edən silahlı dəstələr A.Mütəllibovun zorakılıqla devrilməsində həlledici rol oynadılar. Bundan sonra müxtəlif şəxslərə, qruplara xidmət edən silahlı dəstələr hakimiyyət dəyişilliklərində fəal iştirak etməyə başladılar və Azərbaycana dəhşətli faciələr yaşatdılar.
Bu cür siyasiləşmiş silahlı dəstələrin köməyi ilə hakimiyyəti ələ keçirən AXC liderləri Milli Ordunun yaradılmadığını, Qarabağda ermənilərin və havadarlarının nizami ordu hissələrinə qarşı vətənpərvər insanların yaratdığı, çox pis silahlanmış könüllü batalyonların döyüşdüyünü görsələr də xalqa xəyanət yolunu tutdular. Qətiyyətsizlik göstərərək ordu quruculuğunu ləngidən A.Mütəllibov hakimiyyətini dövlətə rəhbərliyin nə qədər məsuliyyətli olduğunu qətiyyən anlamayan, “populizm” xəstəliyinə tutulmuş cəbhəçilər əvəz etdilər.
Avantürist cəbhə liderlərinin fəaliyyəti, seçkiqabağı kampaniya dövründə verdikləri fantastik vədlər, xüsusilə, Qarabağı qısa müddətə, asanlıqla azad edəcəkləri barədə söylədikləri əhalidə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin zəfər yürüşünə böyük inam yaratmışdı. Hamı bu yürüşü gözləyirdi. Yürüşü reallaşdırmalı olan ordu isə hərbi əməliyyatlara qətiyyən hazır deyildi. Bunu prezidentin məsləhətləşdiyi hərbi mütəxəssislər dəfələrlə söyləmiş və nizami ordu qurmaq üçün lazım gələrsə ermənilərlə atəşkəs haqqında saziş imzalamağı təklif etmişdilər.
Xüsusilə, prezidentin hərbi müşaviri Yaşar Demirbulaq paşa hərbi əməliyyatların fəlakətli nəticələr verəcəyini dəfələrlə söyləyərək ordu quruculuğuna başlamağı acizanə xahiş etmişdi.
Hərbi mütəxəssislərin olduqca məntiqli, inandırıcı arqumentləri o vaxtkı hakimiyyəti ciddi şəkildə narahat etməyə bilməzdi. Ölkəyə rəhbərlik edənlər yaxşı dərk edirdilər ki, ordu həqiqətən hərbi əməliyyatlara hazır deyil və heç bir nizam-intizama tabe olmayan, siyasiləşmiş dəstələr Azərbaycan dövlətçiliyi üçün çox böyük təhlükədir. Nizami ordu yaratmaq üçün hərbi mütəxəssislərin məsləhətlərinə qulaq asaraq qəti şəkildə dövlətçilik maraqları əsas götürülməli, qeyri-populyar addimlar atmaqdan , hətta ermənilərlə atəşkəs sazişi imzalamaqdan çəkinilməməlidir. Bu hədsiz dərəcədə mühüm əhəmiyyətə malik olan əlavə vaxt qazanmağa imkan verəcək və güclü ordu yaratmaq üçün əlverişli şərait yaradacaqdı.
AXC-Musavat iqtidarı nə qədər çətin olsa da Azərbaycanın dövlətçilik maraqlarının tələb etdiyi yolu tutmalı, vəziyyəti xalqa izah etməyə çalışmalı olduğu halda avantüra yolunu seçdi və dövlətə xəyanət mövqeyi tutdu.
1992-ci il iyunun 12-də yeni seçilmiş prezidentin andiçmə mərasimini gözləmədən Ağdərə istiqamətində hazırlıqsız hücum əməliyyatları başladı. Hərbi mütəxəssislərin dəfələrlə xəbərdarlıq etdikləri kimi ordumuzun səviyyəsi bu əməliyyatları aparmağa imkan vermirdi və aydın idi ki, Gəncədə yerləşən rus desant diviziyasının yardımı olmadan ugur qazanmaq qeyri-mümkün olacaq. Surət Hüseynovun həmin diviziyanın komandiri Şerbakla çox “mərhəm” münasibətlərinin nəzərə alan iqtidar Ağdərənin alınmasını təşkil etməyi ruslarla “danışmaq” səlahiyyətini ona verdi.
Müdafiə Nazirliyindən alınmış “kisə-kisə pulların” (Pənah Hüseyn) hesabına Gəncədə yerləşən rus diviziyası hərbi əməliyyatlara başladı və tezliklə Ağdərə rayonunu, həmçinin Şaumyankənd və ətrafını azad etdi.
AXC-Musavat iqtidarının “hərbi uğurları” bu cür “təşkil olunurdu”. Rus diviziyası əraziləri böyük pullar qarşılığında azad edib,bizim “şanlı” hökumətə təhvil verir, onlar isə utanmadan qazandıqları “hərbi qələbələrlə” öyünürdülər. Lakin bu proses uzun sürmədi.
1992-ci ilin sentyabr-oktyabr aylarından başlayaraq rus hərbi qüvvələri ermənilər tərəfdən müharibəyə qoşuldu və azad olunmuş ərazilərin əsas hissəsi ermənilərin nəzarətinə verildi. Üstəlik əlavə bir neçə rayon da itirildi.
Qısa müddətli hakimiyyətləri dövründə AXC-Musavat iqtidarı “tarixdə görünməmiş”çoxlu addımlar atdı və Azərbaycanı olduqca ağır vəziyyətə saldı. Sürət Hüseynovun ağır məğlubiyyətə uğramış və əsgərlərini qırğına vermiş korpusu Laçının azad edilməsi üçün yeni plan hazırladı və 93-cü ilin yanvarında keçirilən əməliyyat daha ağır, daha dəhşətli məğlubiyyətlə qurtardı. AXC-Musavat hakimiyyəti artıq dərk etməyə başladı ki, S.Hüseynova və onun gözlənilmədən mövqe dəyişdirən,”etibarsız” rus dostlarına bağlanan ümidlər özünü nəinki doğrultmur, əksinə Azərbaycana böyük fəlakətlər gətirməklə yanaşı hakimiyyətin nüfuzunu da hədsiz dərəcədə azaldır.
Seytnot vəziyyətində olan hakimiyyət hazırlıqsız hərbi əməliyyatlara başlamağın, avantüristliyin bəlasını çəkirdi. Bu faciələrə qədər bütün ümidlərini ruslara və onun Azərbaycandakı nümayəndələrinə bağlayan ölkə prezidenti nəhayət, R.Qazıyevi istefaya göndərməyə cəsarət etdi və dedi ki, “Artıq ruslarla iş görməyəcək”(P.Hüseyn)
O vaxtkı hakimiyyətin rus hərbçilərinin “pullu xidmətindən” imtina etmək barədə 1993-cü ilin fevralındakı qərarından sonra nəinki bir qarış torpaq azad olunmadı, əksinə, ordu quruculuğunun ləngidilməsi nəticəsində əvvəlcə, Ağdərə və Kəlbəcər, sonra isə digər ərazilərimiz işğal olundu.
Vəziyyətdən çıxmaq üçün yollar axtaran AXC-Musavat iqtidarı xalqa yenə xəyanət edərək ordunu bir az da siyasiləşdirmək xəttini tutdu və AXC batalyonları yaratmaq barədə qərar verdi. 1993-cü il fevralın 10-da AXC qərargahı qarşısında keçirilən mitinqin qətnaməsinə son dərəcə əcaib bir bənd salındı: “Respublikada yaranmış vəziyyətlə əlaqədar ordunun gücləndirmək məqsədilə təcili olaraq AXC-nin bütün rayon şöbələrində AXC üzvlərindən ibarət batalyonların təşkilinə başlanılsın”
Bu qərardan sonra onsuz da həddindən artıq siyasiləşmiş və ayrı ayrı şəxslərə xidmət edən hərbi qüvvələrimizə 5000-dən artıq AXC üzvünün və 4 İcra başçısının daxil olduğu AXC batalyonları əlavə olundu.
1993-cü ilin iyununda Gəncədə S.Hüseynovun, Lənkəranda Ə.Hümbətovun nəzarətində olan hərbi hissələr qiyam qaldırdılar və Azərbaycan vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı. Ölkənin çox ağır vəziyyətdə olduğunu anlayan AXC-Musavat liderləri Ulu Öndər Heydər Əliyevə müraciət edərək, israrla Bakıya gəlməsini və ölkəni böhrandan çıxarmağa yardımçı olmasını xahiş etdilər. Böyük dövlət xadiminə bu təklifi edərkən onlar yaxşı anlayır və etiraf edirdilər ki,”xalqın içərisində böyük nüfuza malik olmasına baxmayaraq H.Əliyevin arxasında digərlərindən, ilk növbədə E.Məmmədovdan fərqli olaraq silahlı qüvvələr dayanmırdı”(Pənah Hüseyn).
Arxasında heç bir silahlı qüvvə dayanmayan Ulu Öndər Heydər Əliyev Azərbaycandakı böhran vəziyyətindən istifadə edərək hücum əməliyyatlarını genişləndirən erməni-rus hərbi birləşmələrinin qarşısını siyasiləşmiş AXC batalyonları, Surət Hüseynovun, Əlikram Hümbətovun, Etibar Məmmədovun və digərlərinin nəzarətində olan hərbi qüvvələrlə almalı idi. Orduda isə siyasi oyunlar davam edirdi. Məhz bu təhlükəli oyunların nəticəsində ordumuz erməni-rus hərbi qüvvələrinə müqavimət göstərə bilmədi və bir-birinin ardınca bir neçə rayonumuz işğal olundu.
O dövrdə yaranmış dəhşətli vəziyyət barədə xalqa müraciət edən Ulu Öndər deyirdi: “mənə xəbər verirlər ki, bir batalyon döyüşdən çıxır, çünki bu hansısa Əlisoyun batalyonudur. Xalq Cəbhəsinin bir batalyonu çıxır. Deyirlər ki, bu Rəhim Qazıyevin batalyonudur, müharibə eləmək istəmir. Bir batalyon çıxır, deyir nə bilim bu filankəsin batalyonudur, müharibə eləmək istəmir”.
AXC-Musavat iqtidarının hakimiyyəti ataraq qaçdığı günlərdə Azərbaycan Ordusunun vəziyyəti belə idi və böyük dövlət xadimi böhranı aradan qaldırmaq, düşmən hücumlarının qarçısını almaq üçün ən kəskin addımlar atmaq məcburiyyətində qalmışdı. Hakimiyyət uğrunda mübarizə aparan siyasətçilərin nəzarətində hərbi qüvvələrin üstünlük təşkil etdiyi Azərbaycan ordusunun düşmən qarşısında dayana bilməyəcəyini görən Ulu Öndər Heydər Əliyev son dərəcə cəsarətli qərar qəbul edərək, siyasi mübarizədə alət olan batalyonların ləğv olunması haqqında qərar verdi.
Bundan sonra 2 noyabr 1993-cü il tarixdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciət edərək orduda yaranmış vəziyyət barədə məlumat verdi:”Ordumuzda narahatlıq döğuran, adamı dəhşətə gətirən başqa hallar da var. Mən bunu sizə çox böyük təəssüflə, həyəcan hissi ilə deyirəm, lakin bu həqiqəti etiraf etməyə məcburam. Bütün bu proseslər, bir neçə il ərzində yığılmış bu günahlar, nöqsanlar, çatışmazlıqlar, ayrı-ayrı yerlərdə mənəviyyat pozğunluğu, cinayətkarlığın artması, cinayətkar ünsürlərin üstün mövqe tutması – bunların hamısı bütövlükdə qəhrəman,mərd, mətanətli, cəsarətli Azərbaycan xalqını belə ağır, çətin vəziyyətə salmışdır.
Buna görə də sizə müraciət edirəm. İndi bizim ordumuz yaranmalı və qurulmalıdır. Bir də qeyd edirəm,ordumuz ancaq Azərbaycanı müdafiə etmək məqsədi daşıyır. İşğalçılıq məqsədi daşımır. Bizim işimiz haqq işidir, gərək hər bir vətəndaş bunu özünün şərəfli borcu kimi qəbul etsin. Kim özü orduda qulluq edə bilirsə, qoy könüllü surətdə getsin. Kim özü qulluq edə bilmirsə, yanındakıları başa salsın ki, gedib orduda xidmət etmək lazımdır. Yaxud, əgər özü orduda qulluq edə bilmirsə, fikirləşsin ki, orduya necə kömək etmək lazımdır. İndi bunların hamısı ən zəruri vəzifələrdir. Bütün xalqa, Azərbaycan vətəndaşlarına müraciət edirəm ki, bu tədbirlərin həyata keçirilməsində fəal iştirak etsinlər.
Azərbaycan böyük təhlükə altındadır. Lakin biz bu təhlükənin qarşısını ala bilərik, almalıyıq da”.
Ulu Öndərin bu müraciətindən sonra onminlərlə vətənpərvər insan könüllü olaraq ordu sıralarına qoşuldu və müasir Azərbaycan Ordusunun yaranması istiqamətində mühüm addımlar atıldı. Məhz bu ordu müstəqillik tariximizdə ilk dəfə heç bir xarici qüvvənin yardımı olmadan hücum əməliyyatlarına başladı və 1994-cü ilin ilk günlərində Fizuli rayonunun Aşağı Yağlıbənd, Kərimbəyli və Şükürbəyli kəndlərini azad etdi, Horadiz qəsəbəsinə nəzarəti ələ keçirdi. Qəhrəman ordumuzun məhz bu qələbələrindən sonra yeni torpaqlar ələ keçirmək ümidini tamamilə itirən erməni silahlı qüvvələri atəşkəs haqqında saziş imzalamaq məcburiyyətində qaldı.
Atəşkəsdən istifadə edən Ulu Öndər Heydər Əliyev yeni, müasir ordu yaratmaq istiqamətində mühüm addımlar atdı. Bu böyük, müqəddəs işi Prezident İlham Əliyev uğurla davam etdirdi və məhz onun rəhbərliyi altında düşmənləri lərzəyə salan, ən müasir silahlarla silahlanmış, yüksək döyüş qabiliyyətinə malik regionun ən güclü ordusu yaradıldı, yeni ərazilər düşməndən azad edildi. Bu gün həm xəyanətkar düşmənlərimiz, həm nüfuzlu hərbi ekspertlər Azərbaycan ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir və əlverişli beynəlxalq şərait yaranacağı təqdirdə torpaqlarımızın qısa müddətdə azad olunacağını etiraf edirlər.
Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans partiyasının sədri.