Müasir gənclərin həyat tərzi: “Baboş kimilərlə şəkil çəkdirmək üçün növbədə dayanırlar” – Psixoloq səbəbləri AÇIQLAYIR
“Bu gün sosial şəbəkədə məşhur olan Baboş kimi fenomenlər var ki, bəzi gənclərimiz onlarla şəkil çəkdirmək üçün növbələrdə dayanır, lakin illər öncə professorlarla şəkil çəkdirmək daha dəbdə idi”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında müasir gənclərlə əvvəlki gənclərin müqayisəsindən danışan psixoloq Gülnar Orucova deyib.
Onun sözlərinə görə, illər öncəki gənclərlə müqayisədə indiki gənclərin həyat tərzi, yaşamı, dünyaya baxışları tamam fərqlidir.
“Əslində, müqayisə etmək yaxşı hal olmasa da, bəzən müqayisə etmək lazımdır ki, fərqindəlik yaransın. Məsələn, illər öncə gənclərin maraq dairələri fərqli idi. Onlar kitab oxumağa, inkişafa daha çox meylli idi. Bir-biriləri ilə dostluq münasibətinə daha çox dəyər verir, valideynlərinə göstərdikləri qayğı, dəyər, sevgi yüksək səviyyədə idi. Lakin bu gün elm və texnika gəncləri həqiqətən dəyişdirib. Yəni, insanlar bu gün sosial şəbəkələrdən nümunə götürür. Bəziləri deyir ki, gənclər sosial şəbəkədən deyil, ailəsindən örnək götürməlidir. Lakin vəziyyət belə deyil”, – deyə o əlavə edib.
Psixoloq qeyd edib ki, kütlə psixologiyası deyilən psixologiya mövcuddur.
“Bu gün sosial şəbəkədə məşhur olan Baboş kimi fenomenlər var ki, bəzi gənclərimiz onlarla şəkil çəkdirmək üçün növbələrdə dayanır, lakin illər öncə professorlarla, şəkil çəkdirmək daha dəbdə idi. Əvvəllər elə insanları efirlərə çıxarırdılar ki, bu insanlar nəinki özü və öz ailəsi üçün, eləcə də Azərbaycan üçün önəmli işlər görmüş adam idi. Lakin bu gün öz ailəsinə sahib çıxa bilməyən insanlara pul verərək verilişlərə ekspert kimi dəvət edirlər”, – deyə o bildirib.
G.Orucovanın sözlərinə görə, bu gün Azərbaycanda gənclər də kriminal musiqilərə, siqaretə, zərərli içkilərə daha çox meylli olur:
“Nə reklam olunursa, gənc də ona daha çox meyl edir. İllər öncə gənclər bir-birinə kitab hədiyyə edərdi. İndi isə gənclər bir-birinə bahalı mobil telefon hədiyyə edir. Yəni artıq gəncləri kitabı hədiyyə olaraq belə qəbul etmir. İndi nəyisə nə yolu ilə olur-olsun, əldə etmək daha çox dəbdədir”.
İsmayıl Bakuvi