Müasir informasiya müharibəsinin üsulları müzakirə edilib – FOTO

Medianın informasiya siyasətinin dövlət və ictimai maraqlara uyğunluğunun təmin edilməsinin vacibliyi önə çəkilib.

Yenicag.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyi tərəfindən “Müasir informasiya müharibəsi üsulları və Azərbaycanda təzahürləri” mövzusunda geniş tədbir keçirilib.

Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi əsasında baş tutan tədbirdə nüfuzlu media orqanlarının nümayəndələri və QHT təmsilçiləri iştirak ediblər.

“İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyinin layihə rəhbəri Xaqani Səfəroğlunun tədbirin məqsədi haqqında qısa təqdimatından sonra Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli çıxış edib.

Müşfiq Ələsgərlinin sözlərinə görə, hazırda mediada cəmiyyətdə çaşqınlıq yaradan, dövlət maraqlarına zidd olan informasiya yayımını bir neçə səbəblə əlaqələndirmək olar: bilməyərəkdən; məqsədli şəkildə və sadəcə, müəyyən niyyətlərdən irəli gələrək.

Ələsgərli qeyd edib ki, bununla əlaqədar internet mediadasının fəaliyyətini tənzimləmək mümkün olsa da, geniş platformaya çevrilmiş sosial şəbəkələrə nəzarət etmək imkan xaricindədir. O, bildirib ki, informasiya siyasətinin həyata keçirilməsində dövlət və ictimai maraqların müdafiəsi mütləq nəzərə alınmalıdır.

Daha sonra çıxış edən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də müzakirə edilən mövzunun aktuallığını önə çəkərək, bu çərçivədə tənzimləyici mexanizmlərin tətbiqinə ehtiyac olduğunu bildirib.

Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb.

COP29