!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Müasir jurnalistikaya gələnlər üçün sanki hər şey maraqsızdır" - Nahid Canbaxışlı

!Reklam – Yazi

Bu gün Vətəninfo.az saytının fəaliyyətə başlamasının 5-ci ili tamam olur. Yeniçağ.az saytı olaraq, “Vətəninfo” nu təbrik edirik. Bu illər ərzində sözügedən sayt media sahəsində bir sıra uğurlara imza atıb. Bu və digər məqamlarla bağlı Vətəninfo.az –ın rəhbəri Nahid Canbaxışlının fikirlərini öyrəndik. Öncə o, saytın yaranma tarixi, keçdiyi yol barədə məlumat verdi.

– İlk olaraq qeyd edim ki, Vətəninfo.az saytının yaranması təbii ki, anidən olan bir qərar deyildi. Azərbaycanda virtual medianın inkişafı istiqamətində ilkin addımlar atıldığı dövrdə yeni bir media ilə dünyaya açılmaq, yazılı mətbuatdan fərqli olaraq informasiyaları daha tez yaymaq qərarına gəldik. Vətənimizə və dövlətimizə bağlı olduğumuzu əsas götürərək Vətəninfo.az domenini alaraq və Vətəninfo.az MMC təsis etməklə informasiya agentliyini işə saldıq. Saytımızda verdiyimiz ilk xəbər də 2012-ci ilin martın 17-ə təsadüf etdi. Yəni həmin gündən başlayaraq oxucuların görüşünə gəldik. Əsas vacib olanı birinci növbədə adımızı qorumaq və tanıtmaq idi ki, ötən 5 ildə müəyyən qədər də olsa cəmiyyətdə öz yerimizi tuta bildik.

– Ötən 5 il ərzində sayt olaraq hansı uğurlara imza ata bilmisiniz?

– Birinci növbədə, işimizi Kütləvi İnformasiya Vasitələri Haqqında qanuna müvafiq olaraq qanunlar çərçivəsində qururuq. Daha da irəli getmək, müxtəlif layihələrdə iştirak etmək, əməkdaşlarımızın üzərilərində işləyərək özlərini tanıtması yolunda da bir çox məsələlərə nail ola bildik. Yayımladığımız bir çox xəbərlər digər sayt və qəzetlərdə istinadla verilir. Azərbaycanda bəlkə də ilk virtual mediayıq ki, bu günə qədər dövlət məmurları tərəfindən 5 dəfə məhkəməyə verilmişik. Amma buna baxmayaraq həmin məhkəmə proseslərinin hər birini udmuşuq. Məhkəmə proseslərində qalib gəlməyimiz də fəaliyyətimizi məhz qanunlara söykənərək qurmağımızın nəticəsidir. İşimizə müxtəlif qeyri-hökumət təşkilatları, KİV-ə Dövlət Dəstəyi Fondu tərəfindən dəfələrlə qiymət verilib. Bütövlükdə Azərbaycan mediasında seçilmək istəyənlərdən olduq.

– Qarşıdakı illərdə hansı perspektivlər gözləyirsiniz?

– Qarşıya qoyduğumuz bir sıra məqsədlər var ki, onların da həyata keçməsi maliyyə imkanlarından asılıdır. Ölkədə virtual medianın vəziyyəti ümumi problem olaraq qalmaqdadır. Sıxıntılarımız çoxdur, amma buna baxmayaraq ayaqdayıq. Təbii ki, 5 yaşına gəlib çatmağın özü də böyük güc tələb edirdi və biz buna nail ola bildik. Saytın rus dilində yayımlanmasına çalışırıq. Gələcək perspektivdə azərbaycan dilindən başqa, rus, ingilis və erməni dilində bölmələrin olmasına istərdik. Bu yolla çalışacağıq ki, Azərbaycanın haqq səsini daha geniş dünya auditoriyasına çatdıra bilək. Təbii ki, bunlar da maliyyə imkanlarından asılıdır.

– Uzun illərdir ki, mətbuat sahəsində çalışırsınız. Həm çap, həm də internet mətbuatında işləmisiniz. Bu iki mətbuat sahəsindən jurnalistika üçün hansı daha perspektivlidir?

– Virtual media ilə çap mediasında yerlə-göy qədər fərq var. Yazılı mətbuat jurnalistin püxtələşməsi, daha geniş imkanlar əldə etməsi üçün vacibdir. Amma onu da müşahidə edirəm ki, müasir jurnalistikaya gələnlər üçün sanki hər şey maraqsızdır. Sanki onlar arasında ancaq səhər işə gəlmək, axşam isə evə getmək düşüncəsi formalaşıb. Yazılı mətbuatda isə ciddi məsuliyyət, araşdırma, öyrənmək, insanları tanımaq vardı. Mövcud vəziyyət isə tamamilə fərqlidir. İndi hər kəs elektron imkanların yüksək səviyyəsindən istifadə etməklə dünyanın istənilən nöqtəsindən müsahibə almaq, münasibət öyrənmək imkanına malikdir. Yazılı mətbuat dövrü isə tamam başqa idi. Biz həmin dövrdə çox əziyyət çəkir, gecə yarıya qədər redaksiyada işləyirdik. Yazdığımız yazılar kompüterdə yığıldıqdan sonra özümüz bir də oxuyurduq. Ardınca redaktorların nəzərindən keçirilir, yenidən çap edib, yenidən baxardıq. Nəhayət, gecəyarı materiallar çapa hazırlanandan sonra evə gedirdik. İndi isə proses daha rahatdır. Birbaşa virtual mediaya gələnlər isə əvvəllər baş verən siyasi, sosial, iqtisadi proseslərdən uzaq olublar. Bir çoxları da var ki, ölkənin tanınmış siyasətçilərini belə tanımır, onların keçmişini bilmirlər. Jurnalistlə heç zaman rəhbər kimi davranmamışam. Öz dostum, qardaşım, bacım kimi baxmışam ki, onları incitməyim. İstəyirəm ki, mediada çalışan rəhbərlərin hər biri onlarla işləyən jurnalistləri öyrətsin. Jurnalist dünənimizi bilməsə, təbii ki, gələcəyimizlə bağlı da uğurlu mövzular yaza bilməyəcək.

– Azərbaycan jurnalistikasının hazırkı durumu sizin fikrinizcə, hansı vəziyyətdədir?

– Keçən əsrin 90-cı illərində universitetdə bizə dərs deyən, fəlsəfə üzrə professor Məmməd Kamal müəllim həmişə deyərdi ki, sizi görəndə yadıma Azərbaycan iqtisadiyyatı düşür. O dövrdə Azərbaycan iqtisadiyyatı doğrudan da bərbad vəziyyətdə idi. Deməli, biz də o dövrdə belə olmuşuq. İndi isə Azərbaycan mediasında oliqarxların sayı artıb. Onların daha da güclü olmasını arzulayıram. Amma o bolluğun qarşısında lazımdır ki, özlərindən sonra bir nəsil yetişdirsinlər. “Ağam mənə kor deyib, gəlib-gedəni vur deyib” misalına söykənməsinlər. Öyrətməklə məşğul olmalıdırlar. Bunu etməsələr, Azərbaycan mediasının gələcəyi olmayacaq. Çap və virtual mediada olanlar bir şeyi bilməlidirlər ki, imkandan asılı olmayaraq hər kəs öyrətməlidir. Lakin təəssüf edirəm ki, ölkəmizdə öz təcrübəsini başqaları ilə bölüşmək, öyrətmək meyilləri yox dərəcəsindədir. Başqa sahələrdə olduğu kimi, jurnalistika da problemlərdən xali deyil. Yazılı mətbuata baxanda virtual medianın problemləri daha çoxdur. Yazılı mətbuat dövlətin himayəsi altındadır. KİV-ə Dövlət Dəstəyi Fondundan az-çox müəyyən qədər vəsait alırlar. Bu yolla da işçilərin əməkhaqqının artırılması, qəzetlərin çıxması və texniki məsələləri müəyyən qədər təmin edirlər. Amma virtual media bu imkanlardan indilikdə məhrumdur. Media sahəsində bizdən daha artıq təcrübəyə malik olan insanlar çalışır ki, virtual media da dövlətin dəstəyini görsün.

Virtual mediada sıxıntı və problemlər o həddədir ki, müəyyən sayt və agentliklər bağlanmağa məcbur olub. Ümid edirəm ki, yaxın gələcəkdə bu problemlər də aradan qalxacaq və ölkəmizdə virtual media da yüksələn xətt üzrə inkişaf edəcək. Amma problemlərin həlli üçün özümüz də səy göstərməli, çalışmalı, reklam işlərində irəli getməliyik.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

980
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv