Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Mübahisələrin məhkəməyə qədər həlli ilə bağlı XİDMƏT HAQLARI

Azərbaycanda iqtisadi, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələri məhkəməyə qədər həll etmək istəyənlərə mediasiya xidmətlərinin göstərilmə haqları müəyyən edilib.

Yernicag.az-ın məlumatına görə, Nazirlər Kabineti “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”ni təsdiq edib.

Nazirlər Kabinetinin qərarı ilə ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətlərinin haqqı ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə 50 manatdır.

İqtisadi mübahisələr üzrə iddia qiyməti 500 manatadək olduqda ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətlərinin haqqı 20 manat, iddia qiyməti 501 manatdan 1000 manatadək olduqda 40 manat, iddia qiyməti 1001 manatdan 5000 manatadək olduqda 60 manat, iddia qiyməti 5001 manatdan 10 000 manatadək olduqda 100 manat, iddia qiyməti 10 001 manatdan 50000 manatadək olduqda 200 manat, iddia qiyməti 50 000 manatdan çox olduqda 400 manat müəyyən edilib.

İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilib.

Nazirlər Kabinetinin bu qərarı 2020-ci il iyulun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanı ilə “Mediasiya haqqında” qanun təsdiq edilib. Bu qanuna görə, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir. İqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır.

www.yenicag.az

311