Mübariz Mənsimovdan İlham Əliyevə təbrik məktubu – “Hazırıq!”

İlham Əliyevin növbəti dəfə Azərbaycan Prezidenti seçilməsindən sonra ilk təbrik Türkiyədən gəldi. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidentinə zəng edərək, Əliyevi təbrik etdi.

Bu saatdan sonra təbriklərin ardı kəsilməyəcək. Ancaq xaricdə yaşayan azərbaycanlılar arasında ilk təbrik edən “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov olub.

Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, seçki öncəsi də mövqeyini açıq bəyan edən və Əliyevə dəstək verdiyini Türk mətbuatına verdiyi müsahibədə bildirən Mənsimov seçkinin nəticələri açıqlanan kimi təbrik məktubu yazıb.

İlham Əliyevi möhtəşəm qələbə münasibəti ilə təbrik edən “Palmali” Şirkətlər Qrupunun rəhbəri “Bu təmiz və şəffaf qələbə Azərbaycan xalqının Sizə olan inamının, qədirbilən xalqımızın Sizə olan etimadının qələbəsidir”,-deyə yazıb.

Mübariz Mənsimovun təbrik məktubunda qeyd olunur ki, “Həm Azərbaycanda, həm də xaricdə yaşayan insanlarımız Sizin – Prezidentimizin ətrafında sıx birləşməyimizin vacibliyinin fərqindəyik. Biz ölkəmizdə sabitliyin və sürətli inkişafın təmin olunmasına görə, Sizə borcluyuq. Bütün xalqımız kimi “Palmali” kollektivi də əmindirlər ki, Sizin həyata keçirdiyiniz düzgün siyasi xətt ancaq bir ali məqsədə – Azərbaycanımızın daha gözəl, daha da qüdrətli olmasına xidmət edir”.

Bu qələbənin “Palmali”nin çoxminlik kollektivinin də qələbəsi olduğunu qeyd edən M.Mənsimov “Biz hər an Sizin yanınızdayıq, bütün tapşırıq və tövsiyələrinizi yerinə yetirməyə hazırıq”, -deyə bildirib.

COP29