Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Himayəçilər Şurası yaradılıb və 7 nəfərdən ibarət tərkibi formalaşdırılıb.
İnstitutdan Yenicag.az-a verilən məlumata görə, şuranın tərkibinə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Ərəb filologiyası kafedrasının müdiri Vasim Məmmədəliyev, AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva, Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini Şahin Bayramov daxil ediliblər.
Dekabrın 27-də Himayəçilər Şurasının ilk iclası keçirilib və təşkilati məsələlər müzakirə olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Şuranın sədri seçilib.
Qeyd edək ki, Himayəçilər Şurasının səlahiyyətlərinə Azərbaycan İlahiyyat İnstitutunun strateji inkişaf proqramını təsdiq etmək; İnstitutun fəaliyyət istiqamətlərinə nəzarət etmək; elm-təhsil-innovasiya mərkəzi kimi inkişaf etməsinə; fundamental, nəzəri-metodoloji, pedaqoji-metodik və tətbiqi elmi layihələrinin həyata keçirilməsinə; beynəlxalq əlaqələrinin qurulmasına; Aİİ məzunlarının işlə təmin olunmasına dəstək vermək kimi məsələlər daxildir.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradılıb. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.