Müdafiə naziri: “Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirir”

Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verməkdədir.

Yenicag.az xəbər verir ki, bu fikir müdafiə naziri general-polkovnik Zakir Həsənovun 28 May – Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətinə təbrikində yer alıb.

“Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər! Sizi dövlətçilik tariximizin ən şanlı səhifələrindən sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 106-cı ildönümü 28 May Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, çətin, eyni zamanda şərəfli və müqəddəs xidmətinizdə uğurlar arzulayıram. Müasir Azərbaycanın yenidən müstəqilliyinə qovuşması, onu əbədi və dönməz etməsi, ölkənin tərəqqisi, ordu quruculuğunda əsaslı dönüşün yaradılması, dünya birliyində özünə layiqli yer tutması, mövqelərini möhkəmləndirməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır”, – nazir qeyd edib.

Z.Həsənov vurğulayıb ki, respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidməti şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi yazıldı: “Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq qələbə və həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində düşmən işğalında qalmış tarixi torpaqlarımız azad olundu. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi. Ötən il Xankəndi şəhərində keçirilən 8 Noyabr – Zəfər Gününün üçüncü ildönümünə həsr olunmuş Zəfər Paradı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə gündən-günə qüdrətlənən Azərbaycan Ordusunun yenilməzliyini bir daha nümayiş etdirdi.

Dövlət müstəqilliyimizin əsas atributlarından biri sayılan üçrəngli bayrağımızın əzəmətlə dalğalandığı işğaldan azad edilmiş ərazilərdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirməklə, bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa layiqli töhfələrini verməkdədir. Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsini hər zaman olduğu kimi 28 May Dövlət Müstəqilliyi Günü ərəfəsində də dərin hörmət və ehtiramla yad edirik. Şəhidlərimizin ailə üzvləri və sağlamlığını itirən döyüşçülərimiz, müharibə veteranları daima dövlətimiz tərəfindən diqqət mərkəzində saxlanılır. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində onların sosial-məişət şəraitinin yaxşılaşdırılması, qayğı və problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Şəhid hərbi qulluqçularımızın valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən silahdaşlarımızı, əziz veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha hər birinizi 28 May – Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, Vətənə, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram”.