Müdafiə naziri Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşdü – FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Yenicag.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Tərəflər iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunun və dövlət başçıları arasında dostluq münasibətlərinin ikitərəfli əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığını qeyd ediblər.

Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişafına və qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edən fəaliyyətlərin müzakirəsi zamanı iki dövlətin regional təhlükəsizliyə verdiyi töhfələr xüsusi vurğulanıb.

İki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusilə hərbi, hərbi texniki və hərbi təhsil sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş potensialın olduğunu deyən Müdafiə naziri görüşün önəmini vurğulayaraq bunun ikitərəfli əlaqələrin inkişafına yeni təkan verəcəyinə əminliyini bildirib.

Münasibətlərin inkişafından məmnunluğunu ifadə edən S.Zas Belarusun Azərbaycan ilə əlaqələrinin genişləndirilməsi, o cümlədən hərbi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində perspektivlərin olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətraflı müzakirə olunub.

COP29