!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müdafiə Nazirliyi 7 ildə şirkətimizə 22 milyon manat pul köçürüb”- 143 milyonluq cinayət işində “tender kralı” ifadə verdi

!Reklam – Yazi

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi polkovnik Bayram Tahir oğlu Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə idarəsinin sabiq rəisi Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. 

“Unikal”ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində 31 ildir Müdafiə Nazirliyinin tenderlərinin qalibi  olan şirkətin rəhbəri A.Rzayev şahid qismində ifadə verib.

Belə ki, A.Rzayev dəfələrlə məhkəmə iclaslarına çağırılsada gəlmək istəməyib və onun barəsində məcburi gətirmə qərarı çıxarılıb. İlk olaraq hakim şahidə təqsirləndirilən şəxsləri tanıyıb-tanımaması barədə sual verib. Məlum olub ki, Rzayev Nizami Məmmədovla cəmi bir dəfə məsciddə hüzr mərasimində görüşüb:

“Bu şəxslərin heç birini tanımıram, təkcə Nizami müəllimlə 3 il bundan qabaq bir dəfə məsciddə yasda görüşmüşük. O da heç məni tanımayıb. Cinayət işinə gəldikdə isə, ibtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Şirkətimizin maliyyə işləri ilə İlqar İsayev adlı şəxs məşğul olub, mən təchizatın rəisi olmuşam. Bizim şirkətlər Müdafiə Nazirliyinin tenderlərində iştirak edirdi. Müdafiə Nazirliyinə əsasən avtomobil ehtiyat hissələri vermişik. Şirkətlərimiz real işləyən şirkətlər olduğundan maliyyə məsələləri çox rahat tənzimlənib. Atamın adına olan şirkətlərdən ikisi vərəsəliklə bacımın adına keçib, biri isə qalıb. Avtomobillərin ehtiyat hissələri ilə əlaqədar hər il kataloqlar dəyişirdi. Biz tenderlə əlaqədar kiməsə faiz verməmişik, sadəcə maliyyə məsələləri ilə əlaqədar müəyyən xərclər olurdu”.

Tenderdə qalib gəldikdən sonra Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat idarəsinə 10-15 faiz, Maliyyə və Büdcə İdarəsinə isə 3 faiz “otkad” vermişəm. Belə ki, bir dəfə 165 min manatı Mahir Şirvanova, 30 min manatı Nizami müəllimə, 490 manatı isə bank vasitəsilə nağdlaşdırıb digər əlavə xərcləri qarşılamışam”.

Bundan sonra A.Rzayev ibtidai istintaqa şirkətlərin sənədləri əsasında ifadə verdiyini etiraf edib.

Şahid ifadəsinə davam edərək bildirib ki, bir şirkətin adına həm paltar, həm də mebel gətirəndə problem yaranırdı. Sonra gömrükdən dedilər ki, ayrı-ayrı şirkətlər açın. Biz də elə etdik. Biz sənəd təqdim edən zaman eyni şirkətin həm avtomobillərinin ehtiyat hissələri, həm də ərzaq təminatı ilə bağlı iştirak etməyin mümkün olmadığını dedilər. Buna görə də sonradan başqa bir şirkət təsis etdik və ərzaq təminatı ilə bağlı tenderlərə qatıldıq.

A.Rzayev Nizami Məmmədova pul vermədiyini deyib. Bizim şirkətin maliyyə işlərinə baxan İlqar deyirdi maliyyə və təchizatda müəyyən xərclər var. İnanmıram İlqar bizdən alıb dediyi adamlara aparıb verməsin.

Hakim Fikrət Əliyev şahidin Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində 2 aprel 2022-ci ildə verdiyi ifadəsini tam elan edib:

“Mən A.Rzayev xaricdən şirkətlərimin adına avtomobillər idxal edirəm. Gətirdiyimiz məhsulların 70 faizini Müdafiə Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyinə, 30 faizini isə pərakəndə satırdıq. Mən Satınalmalar və Təchizat İdarəsinə ƏDV daxil 10-15 faiz, Maliyyə və Büdcə İdarəsinə isə 3 faiz əlavə pul vermişəm. 2015-2022-ci illərdə Müdafiə Nazirliyi bizim şirkətlərin adına 22 milyon 656 min manat pul köçürüb. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən şirkətlərə ödəmələrlə bağlı heç bir gecikmə olmayıb, vəsaitlər vaxtı-vaxtında ödənilib. A.Rzayev ikinci ifadəsini isə 25 aprel 2022-ci ildə verib. O, həmin ifadəsində isə tenderlərdə qalib olduğu 3 milyon manatdan danışıb. Bildirib ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanova 201 min manat çatdırıb. O deyib ki, gəmi heyətlərinin alınması üçün 2 milyon manatlıq tenderdə qalib olub. O, həmin məbləğdən Məlikməmməd Qurbanova 159 min manat “otkat” verib.

Şahid DTX-nin İstintaq baş idarəsində sonuncu dəfə 3 iyul 2023-cü ildə dindirilib. Həmin ifadə də səsləndiriləndən sonra A.Rzayev sorğu-sual edilib. O, bütün ifadələrini təsdiqləyib. O, yenə də Nizami Məmmədovu tanımadığını, onunla əlaqəsi olmadığını deyib.

Şahidin ifadəsi elan olunduqdan sonra Nizami Məmmədov ifadəyə münasibətini bildirib: “Mən bu insanı tanımıram. Deyir məni məsciddə hüzrdə görüb, mən general idim, hamı gəlib mənimlə görüşürdü. Qaldı onun mənə nəsə verməyinə, ibtidai istintaq zamanı gəlib mənimlə üzləşərdi”.

Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. O, Şüvəlan qəsəbəsində dəyəri 100 min manat olan Nüşabə Kazımovaya məxsus üzərinə həbs qoyulan bağ evinin həbsdən çıxarılmasını, ziyanın ödənilməsi üçün satılmasını istəyib.

Məhkəmə vəsatətini təmin edilməsi barədə qərar qəbul edib. Qərarda göstərilib ki, 9 avqust 2023-cü il tarixdə üzərinə həbs qoyulan əmlakın həbsdən çıxarılması, ziyanın ödənilməsi üçün istintaq orqanı nümayəndəsinin iştirakı ilə satılması, həmin məbləğin ziyanın ödənilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətində açılan hesaba köçürülməsi təmin olunmaldır. Həmçinin, qərarın surətinin icra edilməsi üçün Dövlət Təhlükəsizliyi Xidməti və Əmlak Komitəsinə göndəriləcəyi açıqlanıb.

Daha sonra təqsirləndirilən Vüsal Əlizadə vəsatətlə çıxış edib. O deyib ki, Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsinin Maliyyə Nazirliyinin dövlət maliyyə nəzarəti xidməti tərəfindən şəxsi heyətini pul təminatının yoxlanılması sadəcə istinadən edilmədən sırf mülahizə və ehtimallar əsasında aparılaraq qiymətləndirilib. Vüsal Əlizadə bildirib ki, hərbi hissədə aparılan yoxlama düzgün olmayıb. O, yenidən alternativ yoxlamanın digər aidiyyəti qurumların mütəxəssisləri tərəfindən düzgün qiymətləndirmənin aparılmasını istəyib. Sonra Vüsal Əlizadənin vəsatətinə münasibət bildiriən Cəlal Kazımov qeyd edib ki, hərbi hissələrdə yoxlamalar səthi şəkildə aparılıb: “Mənə nə göstəriş verilib, nə deyilib, onu da icra etmişəm. 30 il ərzində mənə nə deyiblər, onu da etmişəm. 29 ay vəzifədə olmuşam, 30 aydır cəzasını çəkirəm. Hərbi hissələrdə yoxlamalar düzgün aparılmayıb. Hesablamalar da düzgün gəlmir”.

Məhkəmə Vüsal Əlizadənin vəsatətini təmin etməyib.

Cəlal Kazımovun vəkili Əli Adıgözəlov bildirib ki, mənimsənilmə ilə bağlı hesablara köçürmələr olub. Onun sözlərinə görə, bununla bağlı şəxslərin ad və soyadları mövcuddur: “Amma həmin şəxslər istintaq zamanı dindirilməyib. Növbəti iclasda bizim həmin şəxslərin dindirilməsi üçün vəsatətlərimiz olacaq”.

Bu səbəbdən növbəti proses iyulun 12-nə təyin edilib.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

www.yenicag.az

167
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv