Müdafiə Nazirliyi: “Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki…”

“NATO ilə əməkdaşlıq Azərbaycan Ordusunun müasirləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm töhfələr verir”.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın hərbi sənaye kompleksi yüksək səviyyədə formalaşıb:

“Bu baxımdan ölkəmizdə keçirilən “ADEX” Beynəlxalq müdafiə sərgisi də xüsusi əhəmiyyət daşıyır. Bunlar dövlətimizin iqtisadi tərəqqisinin göstəricisidir. Müdafiə Nazirliyinin rəhbərliyi ordumuzun ölkəmizdə istehsal olunan silah-sursatla təchizatını daim diqqətdə saxlayır. Eyni zamanda, Müdafiə Nazirliyinin rəhbərliyi bu sahədə ordumuzun NATO ilə uğurlu əməkdaşlığına da xüsusi diqqət ayırır. Bu da Azərbaycan Ordusunun müasirləşməsinə və NATO standartlarına uyğunlaşdırılmasına mühüm töhfələr verir.

Dövlətimizin orduya qayğısı nəticəsində onun beynəlxalq nüfuzu da artıb. Xarici dövlətlərin hərbi təhsil sistemi ilə tanışlıq, təcrübə mübadiləsi, həmçinin hərbi qurumlar və beynəlxalq təşkilatlarla qarşılıqlı tərəfdaşlıq münasibətlərinin qurulmasında Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq fəaliyyətinin rolu xüsusi əhəmiyyətə malikdir. Bunun nəticəsidir ki, əksər xarici dövlətlər və nüfuzlu beynəlxalq hərbi təşkilatlar Azərbaycan Ordusu ilə əməkdaşlıqda maraqlı görünürlər. Bunun bariz nümunəsi kimi xarici ölkə səfirliklərinin Müdafiə Nazirliyi ilə əlaqələrini və NATO rəsmilərinin müxtəlif proqramlar, o cümlədən “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində ölkəmizə dəfələrlə səfərini göstərmək olar”.

Qeyd olunub ki, beynəlxalq hərbi əməkdaşlıq Müdafiə Nazirliyinin hərbi, hərbi-siyasi, hərbi təhsil və hərbi-texniki sahələrdə xarici dövlətlərin hərbi qurumları və beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli formatda həyata keçirdiyi kompleks fəaliyyətlərdir.

“NATO-Azərbaycan birgə hərbi təhsil və təlim sahəsində fəaliyyəti, xarici ölkələrlə mövcud əlaqələr, o cümlədən hərbi sahədə əməkdaşlığın perspektivləri, hərbi xidmətin nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi də irimiqyaslı islahatlar çərçivəsində təqdirəlayiq işlərdəndir. Dövlətimiz beynəlxalq hərbi əməkdaşlığı həyata keçirməklə region ölkələri və regiondan kənar ölkələrlə ikitərəfli və çoxtərəfli münasibətlər qurur, Avro-atlantik strukturlarla inteqrasiyanı təmin edir”-deyə Müdafiə Nazirliyindən bildirilib.

COP29