Müddətli müqavilə əsasında müəllimlərin işə qəbulu başlayır

Sentyabrın 10-da 2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start veriləcək.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, müddətli müqavilə ilə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada miq.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

Bu prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslər iştirak edə bilərlər. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər. Ötənilki müsabiqəyə qatılan, lakin builki müsabiqədə elektron sənəd qəbulu zamanı iştirak etməyən namizədlər yenidən qeydiyyatdan keçdikdən sonra vakant yer seçərək ərizələrini təsdiqləməlidirlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər dörd vakant yer seçə bilərlər.

Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər də ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədi ilə sözügedən prosesdə iştirak edə bilər.

Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

COP29