Müdirin ölüm anını çəkən kamera yerindən sökülüb-Foto

12067854_493633514130186_856896800_nBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin aprelin 22-də “Avropa” otelinin idman zalında öldürülən “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Səbuhi Əliyevin sədrliyi ilə keçirilən prosesdə bir neçə vəsatət verilib.

Təqsirləndirilən Mövlud Səfərovun vəkili Cavid Rzazadə vəsatət verərəl otelin koordinatoru Fuad Şabayevin şahid qismində məhkəmədə dindirilməsinin təmin edilməsini xahiş edib.

Dövlət ittihamçısı etiraz edərək F.Şabayevin hadisəni görmədiyini və birbaşa şahid olmadığını deyərək onun ibtidai istintaqa verdiyi ifadəni səsləndirməyi xahiş edib.

Hakimlər kollegiyası yerində müşavirə edərək vəsatəti təmin edib və F.Şabayevun məhkəməyə məcburi gətirilməsi haqda qərar verib.

Bundan sonra vəkil C.Rzazadə daha bir vəsatətə verərək ittiham aktında təqsirləndirilən Mövlud Səfərovun və şahid Məlahət Ömərovanın eyni saatda ifadə verməsinin qeyd olunması barədə pozuntunu əsas gətirirərək həmin şəxslərin ifadələrinin sübut kimi yolverilməz sənəd olaraq sübutlar siyahısında çıxarılmasını xahiş edib.

Bu dindirmələri həyata keçirən müstəntiq Rövşən Allahverdiyevin cinayət işini araşdıran istintaq qrupunda adının olmaması səbəbindən həmin müstəntiq tərəfindən ifadələri alınmış Mövlud Səfərovun, Məlahət Ömərovanın və Fuad Şabayevin yazılı ifadələrinin sübutlar siyahısından çıxarılması barədə vəsatət verib.

Vəkil oteldə yerləşdirilən və hadisə zamanı mərhum Azər Məmmədovun və zərərçəkən Ceyhun Nağıyevin vurulma anını qeydə alan kameranın sonradan söküldüyü üçün idman klubundakı kameraların sayı, yerləşmə sxemi barədə otel rəhbərliyinə barədə müvafiq məhkəmə sorğusunun göndərilməsini, şahidlərin ibtidai istintaqa verdikləri ifadələrlə məhkəməyə verdikləri ifadələrin ziddiyyət təşkil etməsinə görə ifadələrin hadisə yerində yoxlanılması və hadisə yerinə baxış keçirilməsi barədə vəsatət verib.

Cavid Rzazadə bundan başqa şahidlərin ifadələri zamanı ümumi sözlərdən istifadə etdiyi üçün sonradan videogörüntülərə baxış zamanı ziddiyət ortaya çıxacağı ehtimalını nəzərə alaraq, bu ziddiyyətin protokolda aydın müəyyən olunması üçün sübutların tədqiq edilməsi mərhələsindən öncə məhkəmə protokolu tərtib edilib müdafiə tərəfinə təqdim edilməsi və hadisəni qeydə alan video görüntülərin ittiham, zərərçəkən və müdafiə tərəfinə təqdim edilməsi barədə vəsatətlər verib.

Dövlət ittihamçısı çıxış edərək məhkəmədən vəsatətlərin təmin edilməməsini xahiş edib. O bildirib ki, məhkəmə prosesi başa çatmadan protokolun tərtib olunması qanunla nəzərdə tutulmayıb: “Videogörüntülərin tərəflərə verilməsinə də ehtiyac yoxdu, çünki onları məhkəməyə biz ittiham tərəfi olaraq təqdim etmişik.

İfadələrin ziddiyət təşkil etməsi barədə isə məhkəmə qərarı yoxdur. Həmin şəxslər məhkəməyə ifadə veriblər və ibtidai istintaqa verdikləri ifadəni də təsdiqləyiblər. Hadisə yerindən kameranın sökülməsinin isə ittiham tərəfinə aidiyyatı yoxdur”.

Zərərçəkənin hüquqi varisi Gülsabah Əhmədovanın nümayəndəsi Samir Əliyev də müdafiə tərəfinin vəsatətlərinə etiraz edib: “Təqsirləndirilən Mövlud Səfərovla şahid Məlahət Ömərovanın ifadələrinin sübutlar siyahısından çıxarılmasına ehtiyac yoxdur. Çünki qanunla kobud pozuntular olduqda sübutların cinayət işindən çıxarılması nəzərdə tutulub. Adıçəkilən hər iki şəxs isə məhkəməyə ifadə veriblər, onların ibtidai istintaqa verdiklərin ifadənin saatının üst-üstə düşməsi kobud pozuntu deyil. Videogörüntülərin təqdimatı məsələsi gəlincə isə bunlar sübutların tədqiq edilməsi mərhələsində baxılar”.

Hakimlər kollegiyası yerində müşavirə edərək müdafiə tərəfinin təqdim etdiyi vəsatətlərin baxılmamış saxlanılmasına qərar verib: “Hazırda şahidlərin dindirilməsi mərhələsi olduğundan vəsatətlər baxılmamış saxlanılır”.

Məhkəmənin növbəti iclası oktybarın 6-na təyin edilib.

Xatırladaq ki, bu il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən bir bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.
S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.