Müəllim-şagird münasibətlərində BAZAR ELEMENTLƏRİ: “Repetitorluğu açıq-aşkar biznesə çevirmək…”

“Repetitor fəaliyyətinin rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı”.

Bu fikirləri orta məktəb şagirdlərinin hazırlığında repetitorlara ciddi tələbat duyulmasının səbəblərinə toxunan təhsil eksperti Kamran Əsədov Yenicag.az-açıqlamasında deyib.Onun sözlərinə görə, bu gün repetitorların əksəriyyəti onlara üz tutan şagirdlərin öz orta məktəb müəllimləridir.

“Danılmaz faktdır ki, orta məktəb şagirdləri dərsdən sonra hazırlıq kurslarına və repetitorların dərslərinə getməsələr, qəbul imtahanlarında yaxşı nəticə əldə etmələri inandırıcı olmaz.

Bundan başqa, şagirdlər seçdikləri ixtisas qrupu üzrə onlara lazım olan fənlərə daha çox zaman ayırırlar və repetitor yanına da yalnız bu fənlər üzrə gedirlər. Nəticədə isə şagirdlər elmi biliklərə birtəfəli qaydada yiyələnir və onların dünyagörüşü zəif inkişaf edir. Bu da gələcəkdə onların iş fəaliyyətində problemlər yarada bilər.

Əslində, təhsildə kütləvi şəkildə repetitorluq modelinin tətbiqi son illərdə ortaya çıxıb. Əvvəl şagirdlər orta məktəbdə aldıqları biliklərin hesabına ali məktəblərə qəbul olurdular. Repetitor yanına gedən şagirdlər evdə ciddi nəzarətə götürülürlər. Şagirdin vaxtı-vaxtında müəllimin yanına gedib-gəlməsinin vacibliyi, eləcə də müəllimə xüsusi ödəniş edilməsi səbəbindən valideynlər övladlarının hazırlıq prosesini nəzarətdə saxlayırlar və bu da müsbət nəticə verir.

Hazırlığı sadəcə, orta məktəblə məhdudlaşan şagirdlərin üzərində valideyn nəzarəti güclü olmur. Həmin şagirdlər hazırlığa gedə bilmədikləri, digər abituriyentlərdən geri qaldıqları üçün ruhdan düşürlər. Lakin təcrübə göstərir ki, ali məktəblərə qəbul imtahanlarında repetitor yanına getməyən şagirdlər də yaxşı nəticələr əldə edirlər.

Fikrimcə, repetitor fəaliyyətinin rəsmiləşdirilməsi üçün bu sahəyə lisenziya sisteminin tətbiq edilməsi daha effektiv olardı. Çünki bu gün ixtisası uyğun olmayan şəxslər də repetitorluq xidməti göstərirlər.

Ona görə də, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət Vergi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrindən ibarət bir komisiya yaradaraq repetitorların fəaliyyətinin yoxlanılması, onlara müvafiq fəaliyyət icazəsinin verilməsi məqsədəuyğundur.

Təəssüf ki, repetitorluğu açıq-aşkar biznesə çevirmə halları da mövcuddur. Vurğulamaq yerinə düşər ki, hazırda repetitorların əksəriyyəti bilavasitə şagirdlərin öz orta məktəb müəllimləridir. Ancaq müəllim-şagird münasibətlərində yaranan bazar ticarətinin hədsiz dərəcədə qınanmalı fakt olduğunu qəbul etsək də, digər tərəfdən, cüzi maaş alan müəllimlərimizin buna məcbur qaldıqlarını qəbul etməliyik”.

Nuray Məmmədzadə

COP29