!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Müəlliməmə vurulmuşdum, ilk şeirimi ona həsr etmişdim” -Azərbaycanın gənc şairləri danışır

!Reklam – Yazi

15356069_834776016665703_1531337108_nUşaq vaxtı hər kəs müxtəlif peşəyə həvəs göstərir. Onlardan əksəriyyəti nəsə yazmaq həvəsinə düşür. Daha doğrusu şeir və ya hekayə…

Bir müddət keçdikdən sonra isə bu həvəs ötəri olur və hər şey unudulur. Bəzən isə uşaqlıq həvəsi kimi baxdığımız bu maraq sonradan gözəl və istedadlı yazıların, əsərlərin ortaya çıxmasına səbəb olur.

Maraqlıdır, görən yazarlardan kim neçə yaşında yazmağa başlayıb?

Yenicag.Az olaraq üzümüzü qələm əhlinə tutub, onlardan sualımıza cavab aldıq.

“Anam o dəftəri hələ də saxlayır”

Əyyub Qiyas “ağlım kəsəndən şeir yazıram”, dedi:

“Əlim qələm tutandan nəsə yazmışam, amma o şeir deyildi ki.. “Yağış yağdı, göbələk çıxdı”…bu kimi cızma-qara… Anam o dəftəri hələ də saxlayır. 6 yaşımdan isə yazmağı öyrənmişəm. İlk şeirim də 10 yaşım olanda “Göyərçin” jurnalında dərc edilib.”

“Tələbəlik illərindən şeir və publisistik yazılar yazmağa başlamışam”

Şəmşad Ağa ilk şeirini orta məktəbdə oxuyanda yazdığını bildirdi:

“İlk dəfə “Məşəl” jurnalında çap olunmuşam. Sonra tələbəlik illərində davamlı olaraq şeir və publisistik yazılar yazmağa başlamışam. Amma ilk yazdığım şeiri xatırlamıram”.

“Gecə yerimin içində hiss etdim ki…”

Əsəd Cahangir ilk dəfə 10 yaşında şeir yazdığını deyir:

“İlk dəfə 10 yaşımda yazmışam, özü də şeir. “Ana dili” müəlliməsi Tahirə xanım “Yurdumuza bahar gəlir” adlı inşa yazmağı tapşırmışdı. Gecə yerimin içində hiss etdim ki, məni qəribə, ləzzətli bir istilik bürüdü. Beynimdə misralar yarandı, “Yurdumuza bahar gəlir” adlı şeirə çevrildi. Səhər yuxudan qalxıb, şeiri dəftərə yazdım və inşama daxil etdim. Mənə elə gəlirdi ki, qeyri-adi bir şey yazmışam. Son bəndi belə idi:

“Eşit quşların səsini,
Dinlə gözəl nəğməsini,
Açın bayram süfrəsini,
Yurdumuza bahar gəlir”.

Sonralar bu durum dəfələrlə təkrarlandı və mən bildim ki, o gecə məni bürüyən qəribə ovqat ilham adlanırmış. Sonralar da dəfələrlə ilham halına düşdüm və heç vaxt ilhamsız şeir yazmadım. Odur ki, sadəcə düşünməklə, Zevs Afinanı başdan çıxaran kimi başdan çıxmaqla şeir yazanları qəbul eləmirəm.

“İlk şeirimi vətənə həsr etmişdim”

Cəlil Cavanşir 14 yaşında çap olunduğunu bildirdi:

“Nə vaxt yazmağa başladığımı xatırlamıram. İlk şeirimi Süleyman Rüstəmin bir şeir kitabına həsr etmişdim. Səhv etmirəmsə, vətənə aid idi”.

“İlk yazdığım şeir yadımda deyil”

Zahir Əzəmət təxminən 12-13 yaşlarında yazmağa başladığını söylədi:

“İlk dəfə 14 yaşımda çap olunmuşam və bundan sonra da çap işlərim davam edib. Amma ilk yazdığım şeir yadımda deyil”.

“Müəlliməmə vurulmuşdum, ilk şeirimi ona həsr etmişdim”

Emin Pirinin ilk şeiri sevgi haqqında olub:

“Əlifba tanımadığım vaxtlardan evdə çoxlu kitab, şairlər görmüşəm. Nəsə qaralayırdım,elə bilirdim şeir yazmışam. Amma dəqiq faktlarla danışsaq, ilk şeirim 1996-ci ildə çap olunub. İlk müsahibəmi isə 1998-ci ildə “Rezonans” qəzetinə vermişəm. Uşaqlar üçün “Kəpənək” adlı rubrikaları var idi. Əzbər yadımda qalmasa da deyə bilərəm ki, ilk şeirim sevgi haqqında idi. Müəlliməmə vurulmuşdum, ona həsr etmişdim”.

 

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

778
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv