!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Müəllimin nüfuzunu, keçmiş adını özünə qaytaran Universitet

!Reklam – Yazi

Yusif Alı Afşar
Fizika üzrə fəlsəfə doktoru, dosent

Mən ölkəmizin ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin məzunuyam. Lakin bundan illər öncə xəyalən, ruhən mən Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu olmuşam.

Necə?

Atam İmrayıl Alıyev 1958-1963-cü illərdə Azərbaycan Pedaqoji İnstitutunun (APİ) tarix-filologiya fakültəsində təhsil almışdır. Atamı siyasi baxışlarına görə sovet dövrünün dissidentçisi kimi daha yaxşı xarakterizə edə bilərəm. Özümüzü milli kimlik düşüncəsi ilə bağlı dərk anlayandan atam bizə həm məktəbdə, həm evdə ona dərs demiş unudulmaz müəllimlərindən danışırdı. O müəllimlər ki, bu gün də mənim təfəkkürümdə, yaddaşımda yenilməzlikləri, məğrurluqları, vətəndaşlıqları və möhtəşəmlikləri ilə əbədiləşiblər. Professor Əbdüləzəl Dəmirçizadə, professor Mikayıl Rəfili, professor Şıxəli Qurbanov, Əhəd Huseynov, İşmayıl Şıxlı kimi nəhənglərin mühazirələrini mən də hər gün atamdan eşidib dinləyirdim. Onların tariximizdəki gizlinlərin, yasaqların necə böyük ustalıqla tələbələrinə söylədiklərini dərk edəndə gözlərim yaşarırdı. Atamın “Nitq mədəniyyəti”, “Antik dövr ədəbiyyat tarixi”, “Şərqi Avropa tarixi”, “Şərq tarixi”, “Azərbaycan dilinin tədrisi metodikası” fənnindən olan mühazirə dəftərlərini bu gün də göz bəbəyi kimi qoruyub saxlayıram. O dəftərlər özü bir tarixdir ki, həm atamı yaşadırlar, həm də o nəhəg müəllimləri yaşadırlar…
Bu haşiyəyə heç də təsadüfən çıxmadım. Yazacağım məqalənin fabulasını müəyyən etməkdə bir vasitə oldu.

1921-ci ildə ölkənin ikinci ali təhsil müəssisəsi, lakin ilk pedaqoji kadr hazırlayan təhsil müəssisəsi kimi yaradılaraq fəaliyyətə başlayan Azərbaycan Dövlət Pedaqoji Universiteti (keçmiş Azərbaycan Pedaqoji İnstitutu) Azərbaycan təhsilində əvəzi və müqayisəsi olmayan işlər görmüşdür. Hətta APİ-nin yetirmələri ölkənin elmi mühitinə də inteqrasiya edərək böyük uğurlar qazanmışlar. Həmin məzunlardan akademik Yusif Məmmədəliyev, akademik Zahid Xəlilov, akademik Həsən Abdullayev kimi böyük elm xadimləri Azərbaycan Elmlər Akademiyasının prezidentləri olduqları dövrlərdə Azərbaycan elminə ləyaqətlə xidmət edərək elm sahələrini inkişaf etdirmişdilər. Hər zaman elmi-tədqiqat mərkəzlərindən tutmuş Azərbaycanın ən ucqar kənd məktəblərinə qədər Pedaqoji Universitetin milli ruha söykənən insanlarının rolu hiss olunmuşdur. APİ məzunu olan yüksək ixtisaslı müəllim kadrlar Azərbaycan gəncliyini sağlam ruhda, milli əqidədə yetişdirə bilmişdir. Ötən əsrin 40-cı illərində rektor professor Əhməd Seyidovun “çətiri” altında təməli atılan, 1950-1970-ci illərdə daha mükəmməl formada təşəkkül tapan ADPU-da mövcud olmuş yüksək milli mənəvi tərbiyə, dolğun əxlaqi dəyərlər bu təhsil müəssiəsindən məzun olan şəxslərin təfəkküründə, mənəviyyatında ən pik zirvədə qərar tutmuşdur. Həmin illərdə ADPU auditoriyalarında tələbələrə dərs demiş tanınmış ictimai-siyasi xadimlər, nəhəng pedaqoq-müəllimlər onları mental dəyərlərə sahib pedaqoqlar kimi yetişdirmişdilər. Bunun da sayəsində ən ucqar kənddə belə milli kadrlar yetişmişdir. Obyektiv və subyektiv səsbəblərdən digər pedaqoji kadrlar hazırlayan ali məktəblərdə bu cür mühitlər olmamışdır.

Bütün bunlar Pedaqoji Universitetin tarixə qovuşmuş şanlı keçmişidir.

Azərbaycan xalqı XX yüzildə ikinci dəfə öz tarixi müstəqilliyinə qovuşduqdan sonra başı çoxlu bəlalar çəkmişdir. Təbii ki, bu bəlaları təhsilimizdə də yaşadıq. Sovet təhsil sisteminin subyekti kimi ittifaq bağından qopmuş Azərbaycan təhsilində də müəyyən geriləmələr baş verdi. Pərakəndə halda özəl ali təhsil müəssisələrinin yaradılması bu durumu bir az da ağırlaşdırdı. 1992-ci ildən ali təhsil müəssisələrinə test üsulu ilə qəbul işini həyata keçirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarından keçmədən neqativ yollarla özəl ali məktəblərin müəllimlik ixtisaslarına qəbul olaraq tələbə adını qazanmış məzunların böyük əksəriyyəti isə peşələrinə, ixtisaslarına layiq kadr kimi yetişdirilmədi. Orta məktəblər kəmiyyət göstəriciləri ilə keyfiyyət göstəricilərini üstələdi. Dərs deyən əksər müəllimlər fənni şagirdlərə sevdirə bilmədi. Tədrisdə inteqrativlik qırıldı. İnnovativlik yanaşması isə tamamilə arxa planlarda itib batdı.

“Saxta diplom”lu müəllim axınının məktəblərə ayaq açmasından sonra isə durum “SOS” siqnalını çaldı.
Ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində ölkədə siyasi sabitlik yarandıqdan sonra təhsilimizdəki problemlərin də həllinə başlanıldı. Lakin problemlər bir-birinə üzvü surətdə o qədər pərçimlənmişdir ki, bir problemi digərindən ayırmaqla həll etmək qeyri-mümkün idi. Təhsillə bağlı çərçivə qanun olan Azərbaycan Respublikasının Təhsil Qanunu qəbul edildikdən sonra bir çox təhsil müəssisələrindəki neqativ halların dayandırılmasına nail olundu. Ölkədə həyata keçirilən məqsədyönlü uğurlu sosial-iqtisati siyasət nəticəsində bir çox sahələrdə uğurlar əldə edildikdən sonra neft kapitalının insan kapitalına çevrilməsi yönündə işlərə başlanıldı. Təbii ki, bu yol da ilk olaraq təhsildən keçdiyindən president İlham Əliyevin sərncamı ilə Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası adlı mühüm səsnəd qəbul edilmişdir. Strategiyada da göstərildiyi kimi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi meydana çıxdı…

Bu zaman bütün nəzərlər ölkənin müəllim hazırlığına birbaşa sorumlu olan, cavabdehlik daşıyan Azərbaycan Dövlət Pedaqoji Universitetinə yönəldi. Lakin acı da olsa etiraf etmək lazımdır ki, həmin dövrdə ADPU-dakı durum da o qədər ürəkaçan deyildi. Təhsilin məzmunundakı köhnəlik forma dəyişikliklərini də vurub kor etmişdir. Müasir tələblərə cavab verməyən, innovasiyalardan məlumatsız müəllim kadrları hazırlanırdı. Təbii ki, bu problemlərin həlli istiqamətində ölkə rəhbərliyi sviyyəsində ciddi addımlar atılırdı. 2016-cı ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə tarix elmləri doktoru, professor Cəfər Cəfərov Azərbaycan Dövlət Pedaqoji Universitetinə rektor vəzifəsinə təyin edildikdən sonra universitetdə görülməli işlər, həll olunacaq problemlər ortaya qoyulduğunda ilk problemin təhsilin məzmunundan başlanılması önə çəkildi. Təbii ki, bu məsələ çox çətin idi. Ölkə prezidentinin sərəncamı ilə Azərbaycan Müəllimlər İnstitutunun da Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması ilə durum bir qədər də mürəkkəbləşmişdir. Bütün problemlər bir-birilə əlaqəli olduğundan onların ayrılıqda həll mexanizmi də çətinlik törədirdi. Qısa müddətdə təhsilə sağlam yanaşma metodları tətbiq edildi. Neqativ hallar aradan götürüldü. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində böyük dəyişikliklər edildi. İmtahan prosesi şəffaflaşdırıldı. Kadr islahatı yönündə müasir yanaşmalara əsaslanan yeni mexanizmlər tətbiq edildi. Formal seçkilər ləğv edilərək dekan, kafedra müdiri, müəllim vəzifələrinə obyektiv, qərəzsiz seçkilər keçirildi. Bununla da fakültələrdə tələbə və müəllimlər arasında məmnunluq körpüsü yarandı. Ciddi nizam-intizam qaydaları müəyyən edildi. Təbii ki, bu yeniliklərə qarşı çıxanlar da oldu ki, sonda onlar da səhvlərini anlayıb yeniliklərlə barışdılar.

Universitet üzrə vakant vəzifələrə seçim rektorun əmri ilə yaradılmış şəffaf və obyektif formada çalışan müsahibə komissiyasının seçimi ilə həyata keçirilir. Universitetdə məzmun dəyişiklikləri ilə paralel forma dəyişiklikləri, yenilikləri də edildi. Universitetin tədris korpuslarındakı auditoriyaların çoxu təmir edildi. Universitetdə akademik Yusif Məmmədəliyev, akademik Zahid Xəlilov, akademik Həsən Abdullayev adına xüsusi ixtisas auditoriyaları açılmışdır.

Bu ildən başlayaraq universitetində tədris prosesinin keyfiyyətinin artırılması istiqamətində professor-müəllim heyətinin, kafedraların və fakültələrin illik fəaliyyətini obyektiv, vahid meyarlarla müəyyənləşdirməsi üçün Reytinq qiymətləndirməsi həyata keçiriləcək. Bununla da Universitetin inkişafı üçün gərəkli olan sağlam rəqabətlilik mühiti, stimullaşdırıcı təsisatlar yaranacaq.

Bu il ADPU-ya qəbul olan tələbələr içində hər dörd tələbədən biri 500 baldan artıq bal toplayaraq ilk ixtisas seçimində müəllimlik peşəsini seçmişdilər. Bu göstəricilər isə keçənilki və ondan qabaqkı göstəricilərdən qat-qat artıqdır.

Bütün bunlar böyük hədəflərin uğurlu başlanğıcının kiçik işləridir. Əminliklə demək olar ki, yaxın onilliklərdə ADPU ölkə universitetlərinin reytinq sırasında ilk pillələrə qalxaraq, dünyanın nüfuzlu top universitetləri sıyahısına düşməyə layiq olacaq. Artıq ADPU-nun məzunları olan kadrlar ölkəmizin dörd bir yanında müəllim adına, müəllim nüfuzuna baş ucalığı gətirən əməllərlə məşğul olaraq, ləyaqətlə özlərinin şərəf və vətəndaşlıq borclarını yerinə yetirirlər.

Ən qısa zamanda cəmiyyətdə hər kəsin təəssüf hissi ilə söylədiyi “müəllimin əvvəlki hörməti yoxdur” stereotipinin dağılmasına, müəllimin əvvəlki hörmətindən də yüksək hörmətə malik olmasına nail olacağıq. Artıq ADPU-da müəllim hazırlığı yolunun özü bizi ora aparır…

www.yenicag.az

3279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv