Müəllimlərin inklüziv təhsil sahəsində biliklərinin artırılması məqsədilə təlim keçirildi – Fotolar

BP-nin dəstəyi ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Müəllimlərin inklüziv təhsil sahəsində potensialının artırılması” layihəsi çərçivəsində 9-11 yanvar tarixlərində Bakı şəhərində təlimçilər üçün təlim (ToT) keçirilib. Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə əməkdaşlıq əsasında təşkil olunan təlimdə paytaxt və regionlardan 20-ə yaxın təlimçi müəllim iştirak edib.

Yenicag.az xəbər verir ki, təlim proqramı fərqli əlillik formalarında olan şagirdlərin ehtiyac və maraqlarına, sosial-psixoloji və sağlamlıq vəziyyətlərinə uyğun təhsil ehtiyaclarını qarşılamaq məqsədilə türkiyəli ekspert, Yenilikçi Öğrenme Merkezinin təsisçisi Kayhan Karlı tərəfindən hazırlanmış modul əsasında həyata keçirilib.

Təlimin məqsədi paytaxt və regionlarda orta ümumtəhsil məktəblərində inklüziv təhsil mühitinin inkişafına və müəllimlərin bu sahədə bilik və praktik bacarıqlarının artırılmasına dəstək olmaq üçün peşəkar təlimçilər hazırlamaqdır. Türkiyədən olan ekspertlər Kayhan Karlı və Barış Sarısoy tərəfindən keçilən təlimlər zamanı iştirakçılara nəzəri biliklərlə yanaşı, tədris prosesində müəllimlər tərəfindən istifadə olunacaq müxtəlif alətlər və digər resurslar barədə də ətraflı məlumat verilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Layihənin növbəti mərhələsində ToT təlimini uğurla başa vuran təlimçilər tərəfindən Bakı, Sumqayıt, Şirvan, Gəncə şəhərləri, Abşeron, Quba, Şəki, Qazax, Xaçmaz və Qəbələ rayonlarında fəaliyyət göstərən orta məktəb müəllimləri üçün təlimlər keçiləcək.

Qeyd edək ki, layihə çərçivəsində, həmçinin qeyd olunan şəhər və rayonlarda fəaliyyət göstərən pilot inklüziv məktəblər müxtəlif təlim və inkişafetdirici vəsaitlər, didaktik materiallar və digər vasitələrlə təmin edilmişdir.

 

COP29