Azərbaycanda ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi keçiriləcək.
Yeniçağ.az xəbər verir ki, bununla bağlı təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən nazir müavini Ceyhun Bayramov əmr imzalayıb. Əmrin imzalanmasında məqsəd 2017-2018-ci tədris ilinə ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu və yerdəyişməsi üzrə müsabiqənin təşkili və keçirilməsi prosesinin tənzimlənməsidir.
Əmrə əsasən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları” təsdiq edilməli, peşə liseylərində ümumtəhsil fənləri üzrə vakant olan yerlərə müəllimlərin işə qəbulu bu əmr ilə təsdiq olunan qaydalar əsasında mərkəzləşdirilmiş imtahanda iştirak edərək müvafiq keçid balı toplamış şəxslər sırasından Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən müsahibə yolu ilə aparılmalıdır.
Bundan başqa, 2017-2018-ci tədris ilində vakant yerlərə müsabiqədənkənar qaydada müəllimləri işə qəbul etmək hüququ olan ümumi təhsil müəssisələrinin siyahısı təsdiq edilməli, siyahıda adları çəkilən müəssisələrə müəllimlərin işə qəbulu Təhsil Nazirliyi ilə razılaşdırmaqla həyata keçirilməlidir.
Eyni zamanda, 2017-2018-ci tədris ilində ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi üçün apellyasiya komissiyasının tərkibi təsdiq edilməli, işə qəbul üzrə müsabiqənin keçirilməsi üçün müvafiq ixtisaslar üzrə test tapşırıqları hazırlanmalı, iyunun 5-dək ümumi təhsil müəssisələrində vakant müəllim yerlərinin toplanılması və təhlili təmin edilməlidir.
Əmrdə o da qeyd olunub ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi proqram təminatı tətbiq olunmaqla 25 may-15 iyunda, nazirliyin sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqə isə 1-14 iyulda elektron ərizələrin qəbulu təşkil ediləcək.
Vakant yerlər barədə məlumatların ərazi maliyyə hesablaşma mərkəzləri ilə razılaşdırmaqla mayın 25-dək proqram təminatına daxil ediləcək. Müsabiqənin nəticələrinə əsasən iş yerini dəyişən və işə qəbul olunan müəllimlərlə əmək müqavilələri bu ilin sentyabr ayının 15-dək bağlanılacaq.
Nazirliyin keçirdiyi müsabiqənin nəticəsi olaraq iş yerini dəyişən və işə qəbul olunan müəllimlər, həmçinin mövcud vakant yerlər haqqında 20.09.2017-ci il tarixədək Təhsil Nazirliyinə müəyyənləşdirilmiş formada məlumat təqdim edilməlidir. Əmrin icrasına nəzarət nazir müavini Mətin Eynullayeva həvalə edilib.
Yeniçağ.az