Ötən aydan etibarən dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesinə başlanılıb. Bəzi təhsil işçiləri müəllimlərin sertifikasiyadan keçirilməsinə etiraz edir. Bu fonda ekspertlər hesab edirlər ki,müəllimlərin iş yerini itirməməsi üçün yaş məsələsinə yenidən baxılmalıdır.
Mövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov Yenicag.az-a açıqlamasında bildirib ki, təhsilverənlərin mərhələli şəkildə sertifikatlaşdırılması prosesi təqdirəlayiq haldır və ona görə də müəllimlər bu vəziyyəti qəbul etməlidirlər:
“Bakı, Abşeron, Sumqayıt və Gəncədə ümumtəhsil müəssisələrinin təqribən 60 min müəlliminin sertifikasıyadan keçirilməsi gözlənilir. Artıq hazırlıq işləri başlayıb və həmin bölgələrdə ilkin olaraq ibtidai sinif müəllimlərinin sertifikasiyası baş tutacaq. Bu proseslə bağlı bəzi müəllimlərin etirazı, əslində, normal hal deyil. Çünki dünyanın bütün ölkələrində sertifikatlaşdırma müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanması üçün tətbiq olunur. Təəssüf ki, ölkəmizdə uzun müddət tətbiq olunmayıb. Cəmi bir dəfə 1994-cü ildə müəllimlərin attestasiyası keçirilib və bu, formal xarakter daşıyıb. 2014-2017-ci illərdə isə diaqnostik qiymətləndirmə keçirilib. Bu qiymətləndirmə peşəkarlıq səviyyəsinin müəyyən edilməsi deyil, müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirməsi ilə bağlı olub.
Sertifikasiya prosesinin həyata keçirilməsi ölkə təhsilinə böyük töhfə verəcək. Müəllimlər bu prosesdən narahat olmamalıdırlar. Çünki sertifikatlaşdırmada metodiki biliklərə və müəllimin tədris etdiyi fənnə aid suallara üstünlük verilir. Müəllim onsuz da öz fənnini bilir. Müəllimlər sertifikalaşma fobiyasından qurtulmalıdırlar”.
Gülşən Şərif