İşçiləri işə götürən zaman müəssisə və işçi arasında əmək müqaviləsi bağlanır. Lakin məyusedici məqam ondadır ki, bəzən işçilər müqaviləni imzalayan zaman müqaviləni oxumur, yaxud da işəgötürən müqavilədə yazılan bəzi müddəaları işçiyə izah etmir. Bu da onlar arasında sonradan bəzi anlaşılmazlıqlara gətirib çıxarır. Bəs əmək müqaviləsi bağlanan zaman hər iki tərəfin diqqət etməsi lazım olan məqamlar nələrdir?
Mövzu ilə bağlı Yenicag.az-a danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib ki, əmək müqaviləsində işçinin əsas diqqət yetirməsi lazım olan məsələ əmək funksiyalarının konkret olmasıdır.
Onun sözlərinə görə, hazırda əmək müqavilələri elektron informasiya sistemi üzərindən bağlanır.
“Orada hazır forma doldurulur. Təbii ki, orada işçinin əsas diqqət yetirməsi lazım olan məsələ əmək funksiyalarının konkret olmasıdır. Məsələn, əmək müqaviləsində işəgötürənin tapşırığı digər vəzifələri yerinə yetirir kimi, müddəalar olmamalıdır. Konkret olaraq işçinin hansı işləri, funksiyaları yerinə yetirəcəyi yazılmalıdır. İşçi əvvəlcədən iş saatını, müqavilənin müddətini, yaxud müddətli və ya müddətsiz olmasını, müddətlidirsə hansı müddətə bağlandığını bilməlidir. Elə işlər var ki, orada müddətli müqavilə o halda bağlanır ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin f bəndinə görə, tərəflər buna qarşılıqlı şəkildə razılıq vermiş olsun. Əks halda belə hal qeyri-qanunidir. Görülən işin xarakteri daimi xarakter daşıyırsa, müddətli əmək müqaviləsi bağlana bilməz. Əgər bağlanırsa, bu, tərəflərin hər ikisinin razılığı ilə olmalıdır”, – deyə o fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi