“Müəyyən bir qrupun hakimiyyətdən uzaqlaşdırılması üçün şərait yetişib” – Sülhəddin Əkbər

“Mən seçkidən daha çox seçkisonrası durumun daha perspektivli olacağı haqda düşünməyə başlamışam”.

Bu fikirləri Yenicag.az-a müsahibəsində aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ətrafında yaranmış vəziyyəti dəyərləndirən Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər deyib.

– 11 aprel növbədənkənar prezident seçkilərinə qatılan və qatılmayan siyasi qüvvələr böyük mənada müəyyənləşib. Bu mənzərəni necə qiymətləndirirsiz?

– Mən daxili siyasi proses olaraq, Azərbaycanda keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ilə maraqlanmıram.

– Ancaq buna qədər prezident seçkiləri ilə bağlı mövqe bildirirdiz…

– İndiyə kimi nə mümkündürsə, demişəm, əlavə sözüm yoxdur.

– Fikriniz maraqlıdır, müxalifət seçkidə iştirak və ya boykot məsələsində niyə konsensusa gəlmədi?

– Mənə belə gəlir ki, bu məsələdə müxalifət daxilində konsensus var. Hansı müxalifəti nəzərdə tutursuz? Seçkiyə hansı müxalifət qatılıb ki?

– Kimin nə deməsindən asılı olmayaraq, bəzi namizədlər özlərini müxalifətçi sayırlar…

– Özünü müxalifət sayanların özləri bilər. Amma əsas məsələ xalqın onları müxalifət sayıb-saymamasıdır.

– Belə görünür ki, seçkiyə qatılmayanların aktiv boykotu da təşkil etmələri mümkün olmayacaq…

– Təbii, bu gün Azərbaycanda müxalifətin hansı vəziyyətdə olduğu aydındır – bu barədə fikrimi dəfələrlə söyləmişəm. Seçkiqabağı dönəmdə o fikirləri bir daha təkrarlamağın müxalifətin xeyrinə olacağını düşünmürəm. O üzdən də bu barədə əvvəlki fikrimdə qalmaqla yanaşı, yeni nəsə söyləmək niyyətində deyiləm. Yaranan vəziyyət müxalifətin bir araya gəlib, mövcud durumdan çıxış yolları aramasını tələb edir. Lakin mən bu tələbin müxalifət tərəfindən adekvat qarşılanacağını düşünmürəm. Ona görə də bu barədə maraqlanmıram.

– Bu bədbinlik nədən qaynaqlanır?

– Mən buna bədbinlik deməzdim. Bu, 1993-cü ildən bu günə qədər toplanmış təcrübə ilə reallığın əks edilməsidir.

– İddia olunduğu kimi beynəlxalq birlik bu seçkiləri öz axarına buraxıb?

– Beynəlxalq birlik və Azərbaycan müxalifəti bu məsələdə eyni mövqedədir. Onlar Azərbaycanda yaranan vəziyyəti dəyişmək niyyətində deyillər, yaxud da bunun üçün adekvat zamanın yetişməsini gözləyirlər.

– Seçkilərdən sonra hakimiyyət daxilində ciddi dəyişikliklərin olacağı haqda qəti fikirlər səslənir. Bu barədə siz nə düşünürsüz?

– Həm xarici, həm də daxili səbəblər üzündən müəyyən bir qrupun artıq hakimiyyətdən uzaqlaşdırılması üçün şərait yetişib. Mən əslində, seçkidən daha çox seçkisonrası durumun daha perspektivli olacağı haqda düşünməyə başlamışam.

– Bu çərçivədə hansı gözləntiləriniz var?

– Bu barədə seçkidən sonra daha ətraflı danışarıq.

A. Zeynalov

COP29