Xalq artisti Könül Xasıyevanın: “Əziz sənət yoldaşlarım, gec olmadan hərəniz cəmi bir toyun pulunu “Instagram” hesabımda paylaşdığım karta köçürsəniz, məni və mənsiz qalacaq tək narahat balamı xilas etmiş olarsınız. Dəymirəmmi buna? Axı siz məni çox sevirsiniz”, – müraciəti musiqi cameəsində birmənalı qarşılanmayıb.
Yenicag.az-a açıqlama verən Əli Mirəliyev müğənnilərdə pul olmadığını bildirib:
“Pandemiyadan sonra müğənnilərdə pul qalmayıb. Onlar özləri pul axtarırlar. Müğənnidə pul nə gəzir, yalandan orada-burada deməklə deyil e, 10 minə toya gedirəm, 15 minə toya gedirəm. Heç onlara 500 manat verən də yoxdur. Biri elə mən, xəstəyəm, səninlə danışıram, başım fırlanır, amma kimə müraciət edim, müalicə üçün pulum yoxdur?
Könülü çox istəyirəm, çox böyük sənəti var, yaxşı olardı ki, məmurlar, icra başçıları, deputatlar pul versin, o da müalicə olunsun. Mən elə Könülə görə buradan deputatlara, məmurlara səslənirəm. Könül kimi sənətkara kömək etmək lazımdır. Yəqin ki, müalicə üçün xərc də az deyil. Müğənnilər lap yığışıb hərəsi yüz manat qoydu, onunla iş düzəlmir axı. Külli miqdarda vəsaitdən söhbət gedir”.
Qeyd edək ki, Xalq artisti Könül Xasıyeva boğazında şiş aşkarlandığını, Almaniyada müalicəsi üçün 254 min manata ehtiyacı olduğunu bildirib.
Cəvahir