!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Mühafizəçi futbolçunu döydü - “İnter”- “Zirə” oyununda insident

!Reklam – Yazi

Bakının “İnter” klubunun ətrafında gəzən söz-söhbətlər səngimək bilmir: gah klubun dağılacağı deyildi, gah da maliyyə sıxıntısının olduğu. Bunun da səbəbi son zamanlar klubda yaranan problemlər və Beynəlxalq Bankın sponsorluqdan imtina etməsidir.

Hazırda klub sponsorsuz, AFFA-nın dəstəyi ilə fəaliyyət göstərir.

Ancaq klubun problemləri bununla bitmir. Belə ki, iddialara görə, Premyer Liqanın XIX turu çərçivəsində keçirilən “İnter”-“Zirə” matçından sonra qalmaqal yaşanıb. Görüş başa çatandan sonra qonaq komandanın ehtiyat qapıçısı Kamal Bayramovla meydan sahiblərinin mühafizəçiləri arasında mübahisə düşüb. Bu zaman “İnter”in mühafizəçiləri hadisənin təfərrüatını öyrənmək istəyən jurnalistlərə qarşı da təzyiq göstəriblər. Bayramov bildirib ki, insidentə səbəb “İnter”in mühafizəçilərinin “Zirə”nin geyinib-soyunma otağına gəlmələridir:

“Birinci dəfədir ki, “İnter” tərəfindən belə şey görürəm. Təki gələcək oyunlarda heç bir komandada belə hal yaşanmasın. Təhlükəsizlik xidmətləri rəqib komandanın qapısı ağzında kimisə sağa-sola dartmasın. Belə hallara yol vermək düzgün deyil”.

Bakı “İnter”i ilə bağlı məsələlərə aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. Yeniçağ.az-ın suallarını cavablandıran klub rəsmisi ilk olaraq mühafizəçilərin məsələsinə toxunub.

– Doğrudan da “İnter”in mühafizəçiləri “Zirə” klubunun oyunçularının geyinib-soyunma otağına daxil olub?

– Biz qaydalara uyğun davranırıq. Hamıya hörmət edirik. Yəni AFFA-nın nümayəndələri də orada olublar. Anlaşılmazlıq olubsa da yoluna qoyulub.

– Yəni mühafizəçilər ora AFFA nümayəndələri ilə birlikdə daxil olublar? Səbəb nə olub?

– Bizim mühafizəçilər deyirlər ki, qaydalara uyğun davranıblar. Oyun bitəndən sonra futbolçular soyunma otağına yollanıblar. Mühafizəçilər oraya getməyiblər. Ümumiyyətlə, bizim mühafizəçilər dəhlizdə durmurlar. Bizim tərəfdən qaydalar pozulmayıb. Düzü, mən də orada olmamışam. Məsələdən sonradan xəbər tutdum. Ümumiyyətlə, mühafizəçinin dəhlizdə olması qadağandır. Bizimkilər də bunu yaxşı bilirlər.

– Bəs rəqib qapıçısı Kamal Bayramovla meydan sahiblərinin mühafizəçiləri arasında mübahisə düşdüyü yazılıb. Bunu qapıçının özü də deyib.

– Əgər qaydaları pozmuşuqsa, AFFA-nın nizam-intizam komissiyasında cəzamızı alacağıq. Amma biz qaydaları pozmamışıq. AFFA nümayəndələri də orada olublar. Hərənin bir həqiqəti var.

– Hazırda klubun maddi durumu hazırda necədir? Maaşlarda gecikmə var?

– Klubun hazırki durumu normaldır. Maaşlar vaxtında verilir. Gecikmələr yoxdur.

– AFFA yeni sponsor axtarışı ilə bağlı nəsə deyib?

– Sponsor axtarışı gedir. AFFA bununla bağlı iş aparır. AFFA-nın nümayəndəsi Rəmiş Malıyev burda “İnter”dədir. O, artıq “İnter Arena”da oturur. İndi bütün işlərlə o maraqlanır.

– Sizin stadionda eyni yerdən maliyyələşdiyiniz üçün karateçilərə də yer ayrılmışdı. Beynəlxalq Bank onları maliyyələşdirməkdən imtina etdi və bundan sonra da heç bir idman qurumunu maliyyələşdirməyəcəyini bildirdi. Maraqlıdır bəs sizin stadionda yerləşən karateçilərin aqibəti necə oldu? Onlar göndərilib, ya hələ də ordadır? Karateçilər sizin arenada fəaliyyət göstərdikləri üçün yəqin ki icarə pulu verirlər?

– Karateçilərlə bağlı dəqiq məlumatım yoxdur. Yəqin ki, icarəhaqqı verirlər. Kommunal haqları ödədiklərini isə dəqiq bilirəm. Bundan başqa heç nə deyə bilmərəm.

– Klubun illik büdcəsini təmin etmək üçün sponsor minumum nə qədər vəsait ayırmalıdır?

– Bu suala cavab vermək çətindir. Çünki bu, sırf maliyyə məsələsidir. Mən də mətbuat katibiyəm. Sponsor tapılandan sonra yəqin bu məsələyə də aydınlıq gələr.

– Hələlik, klubun maaşları AFFA-dan ödənilir?

– Bankın mövsümün sonunadək maliyyə təminatı var. Hər klub mövsümün əvvəlində PFL-ə bank təminatı barədə arayış verir. Bizim də elə bir təminatımız var. Amma Rəmiş müəllim müsahibələrin birində demişdi ki, güc daha çox AFFA-nın üzərinə düşəcək. Ümid edirik ki, “İnter” fəaliyyətini davam etdirəcək.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

630
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv