Müharibə ilə bağlı ŞOK İDDİA: “ABŞ-nin siyasəti Ukraynada və Yaxın Şərqdə sülhün taleyini məhv edir”

“Dünyadakı savaşların və onların inkişaf istiqamətlərinin necə yönəlməsi ABŞ-dən asılıdır. Buna paralel olaraq, Ukrayna savaşını da göstərə bilərik. Yəni Birləşmiş Ştatlar istəyərsə, Ukrayna müharibəsi 4 gün içərisində dayandırılar”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

O, ABŞ dövlət katibinin ötən həftə Qəzza zolağında sülhün əldə edilməsinin 90 faiz yekunlaşması ilə bağlı səsləndirdiyi fikirlərdən sonra dünən gecə İsrail ordusunun yenidən Xan Yunisi bombalamasına, habelə Netanyahu hakimiyyətinin müharibənin daha da gərginləşdirilməsi yönündə apardığı siyasətə münasibət bildirib.

Onun fikrincə, eyni məsələ Yaxın Şərqdə baş verənlərə də aiddir:

“Əgər ABŞ istəyərsə, Yaxın Şərqdə savaş dayandırılar, sülh prosesi başlayar və insanların haqq-hüququ tanınmış olar. Biz bilirik ki, ABŞ Yaxın Şərqdə İsrail və Fələstinin iki dövlət modelinə qarşı çıxan əsas ölkələrdən biridir. Ümumi götürdükdə, ABŞ-nin Yaxın Şərqdəki maraqları bu bölgədə sülhün, sabitliyin təmin və bərpa olunmasına imkan vermir. Sülh prosesi inkişaf etdikcə, ABŞ-də hansısa dairələr dərhal narahat olur və müdaxilə edirlər. Nəticədə də baş tutmalı olan sülh prosesi pozulmuş, bloklanmış olur”.

“Təbii ki, bu məsələdə bəzi ziddiyyətli məqamlar var. Çünki Netanyahu hakimiyyəti ilə bugünkü Co Bayden administrasiyası arasında müəyyən ziddiyyətlər mövcuddur. Hətta Donald Tramp bir neçə gün öncə bəyan etmişdi ki, əgər demokratların vahid namizədi Kamala Harris seçkidə qalib gələrsə, onda İsrail dövlətinin mövcudluğu ciddi zərbə altında qalacaq. Lakin bu ziddiyyətlərin hansı səviyyədə və iki dövlətin münasibətlərinə problem yaradıb yaratmayacağı barədə nə isə söyləmək indiki situasiyada tezdir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

COP29