Müharibə iştirakçıları və şəhid ailələrinə DÖVLƏT YARDIMI: “Rəsmi qurumlarımız səfərbər edilərək…”

“Biz bu layihələr vasitəsilə Vətən müharibəsi iştirakçılarımızın psixoloji bərpasına töhfə verməyi hədəfləmişik”.

Bu fikirləri ABŞ və Azərbaycanda qeydiyyatdan keçmiş “For Azerbaijan” beynəlxalq təşkilatı ilə “PAŞA Sığorta”nın maliyyə dəstəyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tərəfdaşlığı əsasında həyata keçirilən “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması layihəsi çərçivəsində “Posttravmatik stres hallarında yazılı ekspozisiya terapiyası” kitabının və CPT Coach” mobil tətbiqinin təqdimat mərasimində çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

O bildirib ki, bütün dövlət qurumlarımız öz güclərini səfərbər edərək psixoloji, tibbi və maddi yardım vasitəsilə vətəndaşlarımıza dəstək olmağa çalışıblar:

“Mən ilk dəfə “For Azerbaijan”la tanış olanda, onların həyata keçirdiyi layihələri çox bəyəndim. Onlar həmişə işlərində Azərbaycana necə dəstək ola biləcəklərini düşünüblər. Biz 30 illlik həsrətdən sonra yeni müharibədən qalib çıxmış bir ölkəyik. Hər müharibədə olduğu kimi itkilər, heç kimin arzulamadığı hallar ola bilir.

Ali Baş Komandanımızın rəhbərliyi altında güclü ordumuz bu müharibəni maksimum az itki ilə yekunlaşdırmağa çalışırdı. Həmin dövrə baxsaq, üç mindən artıq şəhidimiz, 15 minə yaxın yaralı və qazilərimiz olub. Bütün rəsmi qurumlarımız öz imkanlarını səfərbər edərək psixoloji, tibbi və maddi yardım vasitəsilə vətəndaşlarımıza dəstək olmağa çalışıb.

Eyni zamanda, “PAŞA Sığorta” şirkəti və “For Azerbaijan” kimi təşkilatlar bu işlərə dəstək olduqda, daha yaxşı nəticələr əldə edə bilirik. Bu layihə bir nümunədir ki, layihəyə başlayan zaman 40-a yaxın psixoloq təlimdən keçərək beynəlxalq sertifikatlara layiq görüldülər.

Biz bu layihələr vasitəsilə Vətən müharibəsi iştirakçılarımızın psixoloji bərpasına töhfə verməyi hədəfləmişik. İnanıram ki, təqdim olunan kitab bu səhədə bir çox insana dəstək olacaq. Layihə çox gözəl və faydalıdır. Mən bu layihəyə dəstək olan digər qurumlara da öz təşəkkürümü bildirirəm. İnanırıq ki, bundan sonra da ölkəmiz üçün xeyirli-uğurlu layihələrimiz həyata keçiriləcək”.

İsmayıl Bakuvi

COP29