“Müharibədə erməni mənşəli Suriya, Livan və Fransa vətəndaşları Dağlıq Qarabağa gətirilib” – DSX rəisi

“Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabrın 8-də Qarabağın incisi və Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın işğaldan azad edildiyi gün oldu. 44 günlük Vətən savaşında həlledici qələbənin əldə olunması üçün strateji əhəmiyyət kəsb edən Şuşa şəhərinin azad edilməsində Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları ilə yanaşı, DSX-nin çevik hərəkət qüvvələrinin hərbi qulluqçuları da əsl rəşadət nümunələri göstərərək öz şərəfli missiyalarını yerinə yetirdilər, bununla yanaşı, Xankəndidən Şuşa istiqamətində hərəkət edən düşmənin zirehli kolonu və yaylım atəş sistemləri “Harop” zərbəendirici PUA-nın tətbiqi nəticəsində məhv edildi”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev rəsmi mətbuatda dərc olunan məqaləsində bildirib.

Onun sözlərinə görə, müharibənin gedişi zamanı DSX-nin hərbi qulluqçularının əldə etdiyi əməliyyat məlumatları əsasında erməni mənşəli Suriya, Livan və Fransa vətəndaşlarının Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında iştirak etmək üçün muzdlu qismində Dağlıq Qarabağ ərazisinə gətirilməsi müəyyən edilib:

“Əsasən Şuşa şəhərinin müdafiəsinə cəlb olunmuş muzdlu dəstələrin dislokasiya yerləri, manevrləri, döyüş planları barəsində əldə edilmiş əməliyyat məlumatları əsasında müvafiq tədbirlər görüldü. Dörd halda verilmiş dəqiq koordinatlar əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dəqiq atəş zərbələri nəticəsində Şuşa şəhəri ətrafinda yerləşdirilmiş və əsasən muzdlu döyüşçülərdən ibarət olan 470 nəfərlik terrorçu dəstə çoxsaylı itkilər verdi. Vətən müharibəsində ən müasir hərbi texnologiyalardan, kəşfiyyat və zərbəendirici pilotsuz uçuş aparatlarından, Ermənistan ordusu üçün gözlənilməz döyüş üsullarından istifadə edən Silahlı Qüvvələrimiz uzun illər ərzində döyüş hazırlığı sahəsində düşməni xeyli qabaqladığını, yeni döyüş əməliyyatları modelinə yiyələndiyini bütün dünyaya nümayiş etdirdi. Bu müharibə pilotsuz uçuş aparatlarının intensiv tətbiq olunduğu ilk böyükmiqyaslı savaş kimi hərb tarixinə yazıldı.

DSX-nin “Harop,” “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, zenit-raket kompleksləri, o cümlədən 8 ədəd “S-300” raket kompleksi, tankları, zirehli döyüş maşınları, komanda-idarəetmə məntəqələri, ümumilikdə 291 düşmən hədəfi böyük məharətlə zərərsizləşdirildi. Zəngilan rayonunda Bartaz və Şükürataz yüksəkliklərinin düşməndən azad edilməsi zamanı çevikçilərimizin atıcı silahlardan açdıqları atəş nəticəsində onların üzərinə həmlə edən düşmənin “SU-25” hərbi təyyarəsi məhv edildi. Havada və döyüş meydanında üstünlüyü tam ələ alan pilotsuz uçuş aparatları sayəsində düşmənin illər boyu güvəndiyi hərbi gücü dəmir tullantısına çevrildi. Bu döyüş əməliyyatları zamanı “Harop” və “Bayraktar-TB2” PUA-larının birgə döyüş tətbiqi üzrə unikal hərbi təcrübə formalaşdırıldı. Füzuli rayonunun Horadiz kəndi istiqamətindən əks-hücum həmləsini həyata keçirmək niyyətində olan düşmənin 12 tankı 2 saat ərzində Dövlət Sərhəd Xidmətinin “Harop” zərbəendirici pilotsuz uçuş aparatlarının tətbiqi nəticəsində məhv edildi”.

 

COP29