“F-16-lar müəyyən istiqamətlərdə döyüşün taleyinə təsir edə bilər, ancaq ümumi müharibənin nəticəsinə ciddi təsir göstərə bilməz”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Ukraynaya F-16-ların verilməsi və bunun müharibənin nəticəsinə təsirini şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.
Rövşən Məhərrəmov bildirib ki, Krım körpüsünün yaxın zamanda vurulması gözlənilmir.
“Ukraynaya 10 ədəd F-16 hərbi təyyarəsi verilib. Ukraynaya verilən F-16-dakı raketlər köhnə istehsaldır. Bu təyyarələr maksimum 60-70 km uzaqlıqdakı hədəfi vura bilir. O raketlərin effekti var, ancaq F-16-lar üçün də təhlükə var. Rusiyanın hava hücumundan müdafiə sistemləri həmin F-16-ları sıradan çıxara bilər. Krım körpüsünü vurmaq üçün F-16-lar Rusiya tərəfindən işğal edilmiş ərazilərə uçmalıdır. Bu isə onların özünü təhlükəyə atmış olur”, – deyə o əlavə edib.
Hərbi ekspertin sözlərinə görə, əgər uzaqmənzilli raketlər verməsələr, Ukrayna üçün çətinliklər olacaq.
“Krım körpüsünün vurulacağını Ukrayna rəsmiləri demirlər, bəzi politoloq və hərbi ekspertlər deyirlər. Krım körpüsünə hər hansı bir zərbənin endirilməsi gözlənilən deyil.
Krım körpüsü çox güclü qorunur. Krım körpüsünü qorumaq üçün 8 ədəd S-400 hava hücumundan müdafiə sistemləri əraziyə yerləşdirilib. S-400 32 təyyarəyə nəzarət edə bilir, 16 hədəfi isə vura bilir”, – deyə o bildirib.
R.Məhərrəmov deyib ki, F-16-lar müharibənin nəticəsini dəyişə bilməyəcək:
“Ancaq bəzi istiqamətlərdə F-16-lar öz təsirini göstərəcək. Yəni, F-16-lar müəyyən istiqamətlərdə döyüşün taleyinə təsir edə bilər, ancaq ümumi müharibənin nəticəsinə ciddi təsir göstərə bilməz”.
Səxavət Məmməd