!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Müharibədən sağ qayıdan olmur - Səxavət Məmməd yazır

!Reklam – Yazi

Müharibənin çox ağır proses olduğunu anlatmağa gərək yoxdur.

Elə bir regionda yaşayırıq ki, müharibələr qaçınılmazdır. Müharibələr hər nə qədər ağrılı, acılı olsa da, cəmiyyətlərin inkişafı üçün ən gözəl vasitə olur. Hər müharibədən sonra dünya yeni mərhələyə qədəm qoyur. Sülhün müharibəyə hazırlıq mərhələsi olduğunu düşünənlərdənəm. Əbədi və daimi sülh olmur, ancaq müharibələr əbədidir, daimidir, hər kəs görüb, görür, görəcək… Bu, müharibəni sevdiyim anlamına gəlmir, əslində, müharibələr iyrəndirir, ruhumla, vücudumla iyrənirəm, lakin reallıqlara da kor ola bilmərəm.

Hər dəfə müharibənin ilk gününü xatırlayanda fərqli hadisələr yada düşür. Unutduğum hekayələr gəlir ağlıma. Bunlar isə hər dəfə daha da dərinlərə aparır məni.

26 sentyabr. Gecə maşından düşürdüm. Evə getməyə 2 kilometrə yaxın yol var. O vaxt taksi və maşının rast gəlmə ehtimalı olmadığı üçün ağır bel çantalarımı şəllənib piyada gedirəm. Yolda çox fərqli düşüncələrə dalıram. Uşaqlığımı xatırlayıram. Dəmiryol xəttinin üstü ilə ayaqyalın getməyimizi yadıma düşür. Ayağıma nələr batmamışdı… Ancaq getməliydim. Hər nə qədər məcburi köçkün deyildiksə də, qaçırdıq axı. Qaçqın olurduq. Hər gün qaçqın gəlir, qohum, qonşu, tanış-bilişin ölüm, itkin xəbəri alınır. Hər dəfə ah, hər dəfə nalə, hər dəfə fəryad. Sağ qalmaq instinkti. Qaçırsan, gizlənirsən. Yolda kəndimizdən bir neçə nəfərin əsir götürüldüyünü demişdilər, nə atadan xəbər var, nə ana və qucağındakı körpə uşaqdan. Geri qalırsan, üstünə qışqırırlar. İrəli getməyə güc yox, ayaqlar yalın, dəmiryol xəttinin taxtalarının, kol-kosun tikanları uşaq ayağının altına girmək uğrunda sanki yarışa giriblər. Ayaqlar da arsızlaşmışdı. İnsan nələrə qatlaşarmış, nələrə dözərmiş…

Yolun böyük hissəsini getmişdim. Birdən maşın işğı görürdüm. Üzbəüz gəldiyi üçün heç sevinmədim də. Maşın yaxınlaşdıqca sürətinin azaldığını görürdüm. Bir anlıq düşündüm ki, yəqin, kimdirsə tanıdı, aparıb evə qoyacaq. Əslində, bu həmin an üçün elə gözəl olardı.

Maşın saxladı. Sürücü pəncərədən üzümə baxdı, bu bir neçə saniyə belə davam etdi. Uzun zaman idi görüşməsək də, salamsız, kəlamsız dedi ki, hə, gecənin bu vaxtı gəlirsənsə, demək ki, olacaq. Gülmək tutdu. Hər dəfə cəbhə bölgəsinə gedəndə o qədər: “Sən gəlmisənsə, mütləq nəsə olacaq”, – deyirdilər ki, özümü qara pişik kimi hiss edirdim. Maşın məndən bir qədər uzaqlaşdı, sonra geri döndüyünü hiss elədim. Yanımdan ötüb keçdi, sonra arxa-arxaya sürdü. Sürücü bu dəfə başını pəncərədən çıxarıb dedi:

“Mən camaatın, televizorda danışanların heç birinə inanmıram, sənin axşam gəlişlərin mənə bəs edir. Bu dəfə ağır bel çantası ilə gəlmisən, özü də gecə”.

Heç nə… Artıq gülə də bilmirəm. Harasa gedirdi, bəlkə, vacib işi vardı, ancaq indi geri qayıdır. Yeri gəlmişkən, maşınında adam olmasa da, məni maşınına da dəvət etmədi. Ürəyimdə deyirəm, elə bil müharibəni mən başladıram, dəhşət adamlar var…

Bir qədər sonra yenidən maşın gəldi. Həmin maşın, bu dəfə içi dolu idi. Ailəsini çıxarırdı. Yenə saxladı. Dedi, heç kimə inanmırdım, ona görə uşaqları çıxarmırdım, ancaq indi əmin oldum… Gülümsəyirəm. Ancaq qəsəbəylə irəlilədikcə “salam-sağol”dan sonra hamı eyni şeyi deyirdi: “Sən gəlmisənsə, başlayacaq”. Müharibə sədaçısı kimi tanınmaq. Üzdə gülürlər, ancaq içlərində, bəlkə də, lənət oxuyurlar…

Gecə o qədər sakit, səssiz idi ki. Sanki təbiət də, heyvanlar da sabaha hazırlaşırdı. Çünki yer yerindən oynayacaqdı, havadan ancaq barıt qoxusu gələcəkdi, torpaq qana qarışacaq, qan iyi burunları tutub həyatdan iyrəndirəcəkdi.

Müharibənin ilk günü insanların danışıqlarına qulaq verəndə bir anlıq 2016-cı ilin Aprel döyüşləri yadıma düşdü. Bir cəmiyyət, eyni adamlar nə qədər dəyişərmiş. Aprel döyüşlərinin ilk saatları insanlar bir araya gələndə ancaq Xocalıdan danışırdı. Hər topa dayanmış insanlardan bu sözü eşidirdim: “Bizi Xocalının gününə salacaqlar”. Qorxu, inamsızlıq, məğlubluq sindromu, güvənsizlik. Bunları hər eşitdikcə deyirdim, kaş bu döyüşlər bir həftədən çox çəkməsin, ən əsası da kiçik də olsa, qələbə olsun. Yaxşı ki elə də oldu. Bir də onu anladım ki, Xocalı soyqırımı ilə bağlı təbliğat tamamilə əks effekt verib. Ancaq ağlaşma, ancaq sızlamaq, zorlanma səhnələrinin canlandırılması, uşaqların süngüyə keçirilməsi, qulaq, baş kəsməklə bağlı hadisələrin danışdırılması…

27 sentyabr? Bir yerdə belə Xocalı adını tutan görmədim, eşitmədim. Demək ki, o kiçik qələbə çox böyük iş görübmüş. İnam, etibar, güvən və qürurun geri dönüşü. O geri dönüş insanlara başqa cür təsir etmişdi. Əsgərindən tutmuş, fəhləsinə qədər – hər kəs qarışqa kimi işləyirdi. Əmr olmadan, tələb olmadan bir amal üçün. Təbii ki, millətin genetikası da öz sözünü deyirdi. Qan həmişə bu milləti başqa cür motivasiya edib.

Yadıma kənddən qaçmağımız gəlir. Kəndə yaxın ərazidə alaçıq qurulub, insanlar orada yaşayırdı. Ancaq ümid yox idi. Çarəsizlik, qərarsızlıq. Yavaş-yavaş insanlar başqa-başqa yerlərə, rayonlara, şəhərlərə getdilər…

27 sentyabr da elə idi. Evlərini tərk edənlər mərminin düşməyəcəyi yerlərdə -maşınlarda, çadırlarda, kafelərdə gecələyirdilər. Ancaq ümid var idi. Onlar başqa kəndlərə, rayonlara, şəhərlərə getmirdilər. Qayıdacaqdılar. Haradan hara…

Müharibədən heç kim sağ qayıtmır. Şəhidlərə rəhmət, qayıdanlara isə möhkəm olmağı diləyirəm…

Səxavət Məmməd

www.yenicag.az

726
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv