“Müharibədən sonra şəhidlərə və hərbçilərə münasibət yenə arzuedilməz hal alıb” – Partiya sədrindən ETİRAZ

“Şəhid anası baxıb görür ki, övladının qəbrini su basıb, haqlı olaraq etiraz edir”.

Bu fikirləri Yencag.az-a açıqlamasında son günlər şəhid ailələrinin üzləşdiyi problemlər və rəsmi qurumların buna etinasız yanaşmalarına münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Elşad Musayev bildirib ki, nəzərdə tutulan dövlət qurumlarının məsuliyyətsizliyi xoşagəlməz vəziyyət yaradıb:

“Şəhidlərin məzarları ilə bağlı yaranan problemə keçməzdən əvvəl deyim ki, hərbçilərin maaşları Maliyyə Nazirliyi tərəfindən iki dəfə azaldılıb. Maliyyə Nazirliyində oturan məmurların özləri isə əyləşdikləri məclislərdə bir şüşə şərab üçün 2-3 min manat ödəyirlər.

Ancaq təəssüflər olsun ki, müharibə bitəndən sonra şəhidə də, qaziyə də, döyüşən əsgərə münasibət yenə qəbuledilməz şəkil alıb. Bunun nəticəsidir ki, heç kim məsuliyyət daşımaq istəmir.

Yasamal Rayon İcra Hakimiyyəti deyir, bizlik deyil, Müdafiə Nazirliyinin problemidir. Müdafiə Nazirliyi də məsuliyyəti başqa qurumun üstünə atır. Beləcə, şəhid ailələri bu qurumların arasında qalıblar. Əslində isə o problem yarandığı saatda da həll olunmalı idi. Şəhid ailələri ilə belə davranmaq olmaz”.

Partiya sədri qeyd edib ki, müharibənin hələ tam yekunlaşmadığı bir vaxtda şəhid ailələrinə və hərbçilərə bu cür münasibət göstərmək yolverilməzdir:

“Ermənilər hər gün bir bəyanat verirlər. Belə olan halda bizi növbəti müharibə gözləyir. Faktiki olaraq, ortada sülh müqaviləsi yoxdur. Biz nə qədər sakitləşdirsək, yatırtsaq da, ermənilər revanşist iddialarından əl çəkmirlər. Rusiya hərbçiləri də ortdada dayanıb.

Belə davam etsə, müharibə qaçılmaz olacaq. Şəhid məzarları ilə bağlı problem varsa, bu, dərhal həll olunmalıdır. Şəhid anası baxıb görür ki, övladının qəbrini su basıb, haqlı olaraq etiraz edir.

Azərbaycan hakimiyyətini bu məsələni dərhal həll etməyə çağırıram. Ölkədə əlavə gərginlik yaratmağa ehtiyac yoxdur, bu, nə dövlətin, nə də hakimiyyətin mənafeyinə uyğundur”.

Səxavət Məmməd

COP29