“Bu gün Yaxın Şərqdə baş verənlər normal hadisələr deyil. Həm “Hizbullah”ın İsrailə zərbələr endirməsi, həm də İsrailin həyata keçirdiyi əməliyyatlar, doğrudan da, ciddi bir müharibənin başlaması riskini anons edir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Mustafa deyib.
Siyasi təhlilçi ötən gün “Hizbullah” tərəfindən İsrailə qarşı başladılan raket zərbələrindən sonra bölgədə gərginləşən mövcud situasiyanı şərh edib.
“Biz bilirik ki, “Hizbullah” Livan ərazisində olsa da, İranla əlaqəlidir. Eləcə də HƏMAS Siyasi Bürosunun üzvü İsmayıl Haniyənin Tehranda öldürülməsi bu və ya digər formada İranı əlaqədar edir. Yəni hər bir halda, İsraillə Livan arasında qarşıdurma olacaqsa, mümkündür ki, İran və Suriya bu qarşıdurmaya müdaxilə etsin. Qısacası, regionda savaş başlaması ehtimalları var. Hətta Üçüncü Dünya müharibəsinin fitili orada çəkilə bilər. Hərçənd ki, bu gün NATO və Rusiya arasında risklər mövcuddur”.
Onun sözlərinə görə, bunun üçün BMT Təhlükəsizlik Şurasının çağırılması ilə bağlı təşəbbüs olub:
“Məncə, hələ də bu faciənin dayandırılması üçün gec deyil. Çünki bu proses faciələr, böyük fəlakətlər və dağıntılar dünyaya vəd edir. Ümumiyyətlə isə bəşəriyyətin gələcəyini sual altında qoyur. Bu, elə-belə, sıradan məsələ deyil. Ona görə də dünya birliyi tək formatda bir araya gəlib gərginliyin qarşısını alsınlar, məsələləri stol arxasında çözməyə çalışsınlar. Çünki müharibənin sonu danışıqlardır. Əgər bu münaqişəni yaradan səbəbləri müzakirə etmək imkanı varsa, niyə bu müzakirə edilməsin, buna çarə axtarılmasın?”
Rafi Müslümov