Müharibənin yaradacağı TƏHLÜKƏ: “Bu ölkələr Rusiyanın nəzarəti altına keçə bilər”

 

“Həm Moldovanın, həm də postsovet məkanının aqibəti Ukrayna müharibəsinin gedişatının nəticəsi ilə müəyyən olacaq. Əgər Ukrayna müharibəsi Rusiyanın tələblərinin yerinə yetirilməsi ilə nəticələnərsə, nəinki Moldova, hətta müstəqilliyini uzun illərdən bəri qazanmış Latviya, Litva və Estoniya belə Rusiyanın nəzarəti altına keçə bilər. Amma Ukrayna müharibəsinin Kiyevin lehinə davam etməsi təqdirində, Dnestryanı ərazilər daxil olmaqla Rusiyanın nəzarət etdiyi bütün bölgələrin nəzarətdən çıxmaq təhlükəsi Kreml üçün mövcuddur”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.

Politoloq Rusiyanın son dövrlər apardığı yumşaq siyasət fonunda Moldovanın şərqində separatçı “Dnestryanı Respublika”nın rəsmi Kişinyova tabe olması ilə bağlı yayılan informasiyaları şərh edib. “Nəzərə almalıyıq ki, qondarma “Dnestryanı Respublika”sını heç kim tanımayıb və bu günə qədər də bu separatçı qurumu heç kimin tanımaq fikri belə yoxdur. Çünki bütün dünya ölkələri bu əraziləri Moldovanın tərkib hissəsi kimi tanımaqdadır. Bir tək Rusiya, necə ki, Gürcüstan, Ukrayna və Azərbaycanda bölücülük və separatizm əhval-ruhiyyəsini dəstəkləyirdisə, Moldovada da analoji addımı ataraq, “Dnestryanı Respublika”nı qurmaq nailiyyətini əldə etdi”, – deyə o, bildirib.

Onun sözlərinə görə, bugünkü gündə “Dnestryanı Respublika”da 400 mindən çox insan yaşayır ki, onların 30%-i rus, 30%-i moldovalılar, yerdə qalanları isə ukraynalı, bolqar və qaqauzlardır: “Dnestryanı Respublika”da sovet ittifaqı dağılandan sonra heç bir inkişaf getmir, tərəqqi yoxdur. Necə ki, 1991-ci ildə SSRİ dağılanda oralar hansı vəziyyətdə idisə, indi də eyni durumdadır. Yəni bu bölgə dünya iqtisadiyyatına inteqrasiya belə olmayıb. Sırf oradakı qaqauzların bu durumda yaşaması Türkiyə üçün qəbuledilməz bir haldır. Ona görə də rəsmi Ankara bu məsələdən istifadə edərək, sözügedən bölgədə yaşayan qaqauzların aqibətini həll etmək üçün bölgənin Moldovaya birləşdirilməsi prosesində vasitəçilik edə bilər”. Xatırladaq ki, Rusiya “Telegram” kanallarının yazdığına görə, Moldova hakimiyyəti qondarma “Dnestryanı rəhbərliyi”ni İsveçrə tipli konfederasiya formatında inteqrasiya etməyə inandırmağa çalışacaq.

Məlumata görə, əsas istiqamətlər 10 il müddətində rus dilinin və rus dilində müvəqqəti sənəd dövriyyəsinin qorunması, məktəb, orta və ali təhsilin yumşaq inteqrasiyası, həmçinin yerli özünüidarəetmə orqanlarının və parlamentin qorunub saxlanması olacaq. Qeyd olunur ki, bu, Dnestryanının müstəqilliyini itirməsinə aparan yoldur. Belə ki, belə olan təqdirdə, Dnestryanın prezidenti vəzifəsi ləğv edilərək, onun yerinə rayon rəhbəri gətiriləcək və başçı yerli özünüidarəetmə orqanlarının deputatları tərəfindən açıq seçkilərdə seçiləcək. Bələdiyyə seçkilərində deputatlar isə özləri seçiləcək. Həmçinin bildirilir ki, ordu, polis və kəşfiyyat xidmətləri Moldova ilə birləşdiriləcək, lakin nəzarət regional parlamentin tabeliyində olacaq. Türkiyə isə bölgədəki qaqauzların Moldovaya reinteqrasiyası fonunda Dnestryanıdakı nizamlamaya öz töhfəsini vermək istəyir və Kremllə Kişinyov arasında vasitəçi olmağa hazırdır.

Rafi Müslümov

COP29