“Bütün hallarda hər bir cəmiyyətdə seçkilərin keçirilməsi mühüm demokratiya hadisəsidir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi 19 saylı Nərimanov birinci seçki dairəsindən verilən, deputatlığa namizəd Hikmət Babaoğlu deyib.
Builki seçkilərin mahiyyətindən söz açan həmsöhbətimiz əlavə edib ki, bu gün Azərbaycanda baş tutan VII çağırış növbədənkənar parlament seçkiləri demokratiyamızın yeni mühüm səhifələrindən biridir:
“Ona görə ki ilk dəfə olaraq, Azərbaycanda dövlətimizin suveren hüquqları bərpa olunandan sonra parlament seçkiləri keçirilir. Bundan əvvəlki – 2020-ci ilin fevralında keçirilən parlament seçkiləri zamanı suveren hüquqlarımız, ərazi bütövlüyümüz bərpa olunmamışdır. Bu gün isə xalqımızın tarixində ən böyük, mühüm hüquq hadisəsi baş verir. Xankəndidə, Şuşada, Zəngilanda, Qubadlıda, Füzulidə və digər işğaldan azad olunan ərazilərimizdə vətəndaşlarımız öz hüquqlarından istifadə edərək səs verirlər”.
YAP funksioneri düşünür ki, bu, ayrıca bir hadisədir:
“İlk dəfə olaraq, məhz Azərbaycanın bütün ərazisini əhatə etməklə səsvermənin keçirilməsi təmin edilir və VII çağırış Azərbaycan parlamenti bu mənada tarixi bir parlament olacaq.
Seçki prosesinə gəldikdə isə təbliğat-təşviqat kampaniyası boyunca mühüm bir prosesdən keçdik. Yeni reallıqlar vətəndaşlarımız tərəfindən mənimsənilir və qiymətləndirilir. Seçicilərlə ünsiyyət qurmaq da olduqca asan idi. Çünki artıq nə vaxtsa torpaqlarımızın işğaldan azad ediləcəyi ilə bağlı seçicilərimizlə görüşlərdə dnaışmırdıq. Biz artıq Qarabağa “Böyük Qayıdış”dan, suveren hüquqlarımızın bərpasından danışırdıq. Bu da hazırkı VII çağırış növbədənkənar parlament seçkilərinin xüsusi özəlliklərindən biri idi və xalqımızda bir ümummilli coşqu və təntənə müşahidə olunurdu. Bu da ayrıca maraqlı bir hadisə idi”.
“Hazırda seçkinin necə keçirilməsinin əsas barometrlərindən biri kimi sosial şəbəkələr çıxış edir. Doğrusu, proseslə əlaqədar olaraq mən daim sosial şəbəkələri izlədim və hər hansı bir qanun pozuntusuna rast gəlmədim. Düşünürəm ki, Mərkəzi Seçki Komissiyası prosesi çox peşəkarcasına və hüquqi baxımdan doğru idarə edə bildi. Həmçinin proses boyunca informasiya qıtlığı yaranmadı.
Şansıma gəldikdə isə mənə elə gəlir ki, bunu seçicilər müəyyənləşdirəcək ki, şanslarım builki seçkilərdə nə qədərdir. Mən üçüncü dəfədir ki, 19 saylı Nərimanov birinci seçki dairəsindən namizədliyimi vermişəm. Mən seçicilərimin hər birini tanıyıram və seçicilərimlə görüşümü dostlarla görüş kimi qiymətləndirirəm. Ona görə də ümid edirəm ki, bu əhval- ruhiyyə seçkinin nəticəsinə öz təsirini göstərəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov