Belarus hərbçiləri vətəndaşlara qarşı silah tətbiq etmək hüququ əldə ediblər.
Yenicag.az “Belta”ya istinadla xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin Silahlı Qüvvələrinin Daxili Xidmətinin Nizamnaməsinə müvafiq dəyişikliklər edib. O, xüsusən də sənədin 11-ci maddəsinin dəyişdirilməsi barədə göstəriş verib.
Onun yeni redaksiyasında deyilir ki, hərbçilər öz vəzifələrini yerinə yetirərkən “mövcud vəziyyəti, cinayətin xarakterini, inzibati xətanın elementlərini və cinayətkarın şəxsiyyətini nəzərə alaraq silahdan istifadə etmək” hüququna malikdir.
Bütün bunlardan əvvəl silahdan istifadə etmək niyyəti barədə “aydın və aşkar” xəbərdarlıq edilməlidir.
Vətəndaşın silahdan istifadə nəticəsində xəsarət alması və ya ölməsi barədə dərhal müvafiq orqanlara məlumat verilir.
Hərbi qulluqçular ümumi hərbi nizamnamələrin tələblərinə uyğun hərəkət etdikdə dəymiş zərərə görə məsuliyyət daşımayacaqlar.
Əvvəllər 11-ci maddədə deyilirdi ki, “Hərbi qulluqçular tərəfindən öz səlahiyyətləri daxilində fiziki qüvvədən, xüsusi vasitələrdən, silahlardan, hərbi və xüsusi texnikadan istifadə etmələri qanunvericilik aktları ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.
Xuraman Etibarlı