Münaqişəni alovlandıran mesajlar: “Ciddi qarşıdurmanın baş verməsi ehtimalı yüksəkdir”

“İsrail və HƏMAS arasındakı qarşıdurma yenidən böyüyə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında “The Washington Post” nəşrinin İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sisteminin, Livan “Hizbullah”ın böyük raket hücumuna tab gətirə bilməyəcəyi ilə bağlı məqaləsini şərh edən politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, dünya üzrə tanınan nəşrin belə bir məqalə dərc etməsi təsadüfi hal sayıla bilməz.

“Bunun arxasında böyük mesajlar dayanır. İsrail və HƏMAS arasındakı qarşıdurma yenidən böyüyə bilər. Yaxud bu münaqişəni alovlandıran mesajları da özündə ehtiva etməsi mümkündür. İstənilən halda, bu cür məqalənin dərc edilməsi qarşıdakı dövrdə Yaxın Şərqdə sülh olmayacağından xəbər verir.

Hazırda HƏMAS-ın 30 min, “Hizbullah”ın isə 40 minlik aktiv hərbi kontingenti mövcuddur. Eyni zamanda, İranın bu iki qruplaşmanı ciddi şəkildə silahlandırdığını nəzərə almaq lazımdır. Bu, hələ proseslərin görünən tərəfidir. İrandan başqa da sözügedən hərbi qruplaşmalara dəstək verən ölkələr var. Bir sözlə, yaxın perspektiv üçün ciddi qarşıdurmanın baş verməsi ehtimalı yüksəkdir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli